
"DƏRDLİ DƏRDLİNİ TAPANDA..."
Pedaqoq-publisist Nazim Əkbərovun Ovqat.com-a müsahibəsini təqdim edirik.
- Salam, Nazim müəllim. Sizinlə bir daha üz-üzə oturub söhbət etmək, bilirsiniz, mənə çox xoşdur.
- Əleyküm salam, Heydər bəy. Bilsən, uzun müddət tanışlığım, hətta çox yaxın münasibətim olan, vətənsevərliyini nümunə göstərdiyim sənin kimi biri ilə təkrar görüşməyin nə qədər sevincli hadisə olduğunu ifadə etməkdə necə çətinlik çəkirəm! Qısaca desəm, mən də çox məmnunam.
- Nazim müəllim, bu günlərdə sosial şəbəkələrin birində paylaşdığınız, məktəblərdə ədəbiyyat fənninin tədrisi ilə bağlı fikirləriniz diqqətimi cəlb etdi. Paylaşımınıza dair şərhlərlə tanış olarkən də bu məsələnin ziyalılar tərəfindən maraqla qarşılandığını gördüm. Nədir dərdiniz? Bir az geniş şəkildə izah edərsinizmi?
- Sualınız üçün təşəkkür edirəm. Bu suala reaksiyanızı da başa düşürəm. Siz ixtisasca, ruhən və qəlbən ədəbiyyat adamısınız. Gözəl şeirləriniz vardır. Belə ruha sahib olan adam ədəbiyyat barədə söhbətə laqeyd qala bilməz. Amma təəssüf edirəm ki, bu cür mövzulara maraq göstərənlər sayca çox azdır, halbuki məsələ təkcə ədəbiyyatla məşğul olanları deyil, əslində, hər kəsi əhatə edir.
Dərdimə gəldikdə, bir mütəfəkkirin dediyi kimi, dərdsizsinizsə, dərd sizsiniz. Yəni, əgər bir adam yaşayır və həyatında onu narahat edən, dərdə salan, gecələr yuxusunu qaçıran bir şey yoxdursa, daha geniş desək, əgər adam xalqının, millətinin, hətta bəşəriyyətin dərdi ilə yaşamırsa, o adam özü insanlıq üçün, milləti üçün, xalqı üçün dərddən başqa bir şey deyildir. Mənim bir neçə dərdim var, onlardan biri də xalqımızın, millətimizin tariximizlə, mənəviyyatımızla, bizi dik, ayaq üstə saxlayan adət-ənənələrimizlə əlaqələrimizin qoparılmasıdır. Bu qoparılmanın ağrılarını isə daha çox dilimizin sürətlə korlanmasında görürəm. Dilin korlanıb-korlanmaması isə hər bir vətəndaşın ədəbiyyatımızla nə qədər əlaqədar olub-olmaması ilə düz mütənasibdir.
- Dediklərinizlə mən də razıyam, amma ana dilimizi öyrətmək və buna qəbul imtahanlarında xüsusi yer vermək niyə səhv olsun ki?
- Səhv ana dilini qəbul imtahanı suallarına daxil etmək deyildir, səhv ana dili ilə ədəbiyyatı az qala bir fənn səviyyəsində tutmaqdır. Bilmirəm, bu bərabərlik işarəsi nə zaman qoyulub, amma nə zaman qoyulursa qoyulsun, bərabərlik işarəsi qoymaq səhvdir. Bəlkə, yüz ildir bu bərabərlik davam edir. Bu fakültənn məzunları da ana dili və ədəbiyyatı müəllimi ixtisası üzrə məzun olurlar. Bu təkcə Azərbaycana aid məsələ də deyildir, keçmiş sovet coğrafiyasına daxil olan ölkələrin hamısında belədir. Məsələn, ali məktəblərin filologiya fakültələrinin onurğasını ana dili və ədəbiyyat təşkil edir. Orta məktəblərdə ana dili və ədəbiyyat fənlərini eyni müəllimlər tədris edirlər. Niyə? Çünki biz bu iki fərqli fənnə, elmə eyni pəncərədən baxırıq. Amma fizika və riyaziyyat, kimya və biologiya tamamilə fərqli elmlər olduqları kimi, ana dili və ədəbiyyat da bambaşqa elmlərdir. Ədəbiyyat başqa elmdir, başqa fəndir, tədqiqat sahəsi başqadır, ana dili başqa elmdir, başqa fəndir, tədqiqat sahəsi bambaşqadır. Ana dili dilin səs, söz, cümlə, ifadə qayda-qanunlarını öyrənən elmdir, fənndir, ədəbiyyat isə xalqın və onun fərdlərinin, nümayəndələrinin baş verən, yaxud baş verməsini istəyən, xəyal edən ayrı-ayrı fərdlərinin – şair və yazıçılarının ilhamla qələmə aldıqları əsərlərin, onlardakı fikirlərin, ideyaların təhlili, dəyərləndirilməsi, öyrənilməsidir. Füzulinin hər hansı bir qəzəli ana dili fənnində misal olaraq göstərilə bilər, amma Füzulinin qəzəlinin ana dilin qayda-qanununa dəxli yoxdur, o, Füzulinin qəlbinin səsidir. Qiyməti də məhz o səsin nə qədər dərin, nə qədər mənalı və nə qədər gərəkli olması ilə ölçülür.
Bunu nəzərə alaraq deyirəm ki, ədəbiyyatı yox sayıb bütün ağırlığı qrammatikanın qarmaqarışıq, çox vaxt hər kəsə gərək olmayan qaydalarına vermək əvəzinə, insanlara, şagirdlərə ədəbiyyatı öyrətmək lazımdır. Ədəbiyyat safdır, təmizdir (qismən), onda tarix vardır, fəlsəfə vardır, fikir vardır, hiss vardır, hərəkət vardır, ideya, ideal vardır, baş verən hadisələrə münasibət vardır, ən başlıcası, insana həyatını davam etdirə bilməsi üçün söz vardır, buna bağlı geniş imkanlar vardır. Buna görə ədəbiyyat hər kəsə lazımdır, qrammatika isə lüzumsuzdur, yorucudur, bir və ya bir neçə nəfərin qoyduğu qaydaların izahıdır, bir sözlə, ixtisas olaraq, dilçi olmaq istəyənə lazımdır, amma hər kəsə lazım deyil. Qrammatika qayda-qanunlarınan bixəbər olan insanlar bu elmdən xəbərsiz dil açır, danışır, ünsiyyət saxlayırlar. Bilmirəm, fikrimi tam ifadə edə bildimmi?
- Hər kəsin ədəbiyyatla maraqlanması deyəndə nəyi nəzərdə tutursunuz? Hamı ədəbiyyatla maraqlanmaz axı. Hərənin bir maraq dairəsi, istedad çərçivəsi, qabiliyyət sərhəddi vardir. Elə deyil? Biri iqtisadiyyata, digəri mühəndisliyə, üçüncü tibbə, bir başqası hüquqşünaslığa və s. sahələrə maraq göstəririər. Fizika, riyaziyyat, kimya, astronomiya, coğrafiya kimi fənlər hər kəsi maraqlandırmadığı və hər kəsə lazım olmadığı kimi, ədəbiyyatın da sırf mütəxəssislərə aid olması fikri vardır.
- Bu fikir var və çox keçmişlərdən bəri davam edib günümüzə gəlmişdir. Lakin bu fikrin sahibləri haqlı deyildirlər. Baxın, hər birimiz danışırıq, yazırıq, bu da bir ədəbiyyatdır. Filmlər, seriallar seyr edirik, bunlar da ədəbiyyatın bir budağıdır. Bu baxımdan ədəbiyyat hər kəsə lazımdır.
Hər kəs düşünür, elə deyildirmi? Hər kəs düşünür, nə ilə düşünür? Sözlə. Deməli, insan nə qədər çox söz bilirsə, bir o qədər geniş dairədə düşünə bilir. Təsəvvür edin, bir adam cəmi 300 söz bilir, həmsöhbəti isə 1000 söz bilir. 300 sözlə düşünən birinin anlayışı ilə 1000 söz bilənin düşüncəsi bir olarmı? İnsan, hətta insan cəmiyyəti nə qədər çox söz bilir, işlədirsə, bir o qədər çox və sürətlə inkişaf edir. Burada dövrəyə ədəbiyyat girir. Məsələn, dünyanın sənaye və iqtisadi baxımdan inkişaf etmiş dövlətlərinin təhsil sisteminə nəzər salsaq, görərik ki, onların bəziləri tam orta təhsili başa vururkən 11.000 sözlə tanış olurlar, bəziləri 9.000, bəziləri 5.000 söz öyrənirlər. Bizdə belə bir statistika olmadığından bizim adamların nə qədər söz bildikləri barədə konkret söz demək mümkün deyildir. Amma bunu demək mümkündür ki, bizim adamların çoxu bir gündə ən çox 300-400 söz işlədirlər. Əvəzində, güya müasirləşirik, ziyalılarımızın əli ilə deyə hər gün olmasa da, hər həftə, hər ay bir neçə sözü özümüz qətl edirik. Məsələn, götürək “şans” sözünü. Bu gün çoxları bu sözü həvəslə işlədir. Amma bunu işlədərkən unudurlar ki, “şans” sözünü dilimizdə ifadə edən tale, bəxt, imkan, fal və bir neçə başqa söz vardır və biz bir bu qədər müxtəlif məna daşıyan sözləri bir tək şans sözü ilə əvəz edərkən ən az 4-5 sözü qəbrə qoyur, üstünü örtürük. Yaxud, götürək bioloqlarımızın “cücü,” “böcək,” “həşərat” sözlərinin yerinə təkcə “cücü” sözünü işlətmələrinə. Bunu dərsliklərə də salmışlar. Beləliklə, şagird həşərat sözünün ifadə etdiyi məna ilə nə qədər iç-içə olduğunu bilməyəcək, (“həşr” – öldükdən sonra dirilib ayağa qalxmaq, qəbirlərdən çıxmaq) torpaq altında yaşayan, heyvanlar aləminin buğumayaqlılar tipinə aid olan bir sinif varlıqları ifadə etdiyini, “böcək” sözünün isə qanadlı olub buğumayaqlılar tipinə aid malik olan, “cücü”nün isə daha kiçik, qanadlı və qanadsız varlıqlara verilən ad olduğundan xəbərsiz olacaqdır. Görürsünüz, alimlərin bu “ixtisarı” dilimizdə iki sözün unudulmasına səbəb olur. Eyni sözləri “öncə,” “dayanıqlı,” “yaşam,” kimi yüzlərlə içi boş olan başqa sözlərin, “keçirilib” əvəzinə “baş tutub,” “Oynayıb, ifa edib” yerinə “rol alıb,” “keçirəm” əvəzinə “keçid edirəm” və onlarla tamamilə başqa məna verən söz və ifadələr barədə də demək olar. Xəbər proqramına baxırsan, xəbərləri oxuyan adam “İndi başqa xəbərə keçid alaq,” deyə qəribə bir ifadə işlədir. Xəbərlərarası keçidi kimdən, haradan alırsan?-deyə soruşmaq istəyirsən. Halbuki xəbərləri oxuyan: “İndi isə başqa xəbərə keçək,” demək istəyir. Lakin söz ehtiyatı kasad olduğundan başqa dillərdən aldığı ifadəni tərcümə edib işlədir. Hələ bir çox hallarda “wow,” nidasını, “OK” sözünü işlədənlər. Bunlar dilimizidə heyrət, təəccüb bildirən “Vay!” “Pah!” “O!” “Bəh-bəh!” sözlərini dəfn etməyə, dilimizi cılızlaşdırmağa aparır. “OK” sözünü işlətməklə dilimizin çox şirin “bəli,” “baş üstə,” “mənim başım-gözüm üstə” kimi sözləri kəfənləyib dəfn etdiyimizi bilmirikmi?
Nitqimizdə dilimizdə olmayan ingilis dilindəki indiki davamedici zaman forması işlədilməyə başlamışdır. Məsələn, adam “Ölkəmizdə mənzil tikintisi sürətlə artır,” deyəcək, bu cümlənin xəbərini “artır” yox, “artmaqdadır” şəklində ifadə edir. İngilis dli şəkiçisiz dillər qrupuna daxil olduğu üçün, burada cümlənin xəbəri başqa yollarla ifadə edilməyə məcburdur. Bizim dilimiz şəkilçili dildir, yəni cümlənin xəbəri, hətta digər üzvləri şəkilçilər vasitəsi ilə ifadə olunur. Belə olan halda heç bir zərurət olmadan, sırf ədabazlıq və ya savadsızlıq üzündən “gəlir” xəbərini “gəlməkdədir” şəklində işlətməyin mənası nədir?
Deyəsən, mən də qrammatikaya girib sizi darıxdırdım, Heydər bəy. Bilirəm ki, bəzən məni dilimizə yeni sözlərin qəbul edilməsinin əleyhdarı kimi qələmə verirlər. Mən dilə yeni sözlərin daxil edilməsinin əleyhdarı deyiləm. Dilə onda olmayan əşya və hadisələrə aid sözlər, ifadələr, əlbəttə, daxil edilər. Amma bizdə olan bir sözü kənara atıb, heç bir zərurət olmadan başqa dillərdən söz gətirmək, dilimizə və xalqımıza, yumşaq desək, zərbədir, sərt desək... Bunun adını siz qoyun. Sözlərim daha aydın başa düşülsün, deyə sizə bir misal verəcəyəm:
XX əsrin əvvəllərində nəşr edilən qəzet və jurnallar, o cümlədən də “Molla Nəsrəddin” dərgisi Volqaboyundan Nil çayı sahillərinədək, Orta Asiyadan Balkanlaradək hər yerə gedirdi, hər yerdə oxunurdu. Müəllif:
“Mən onu bilirəm ki, Türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salınız yaâdınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə Türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:
-Bala, ağlama, xortdan gələr, səni aparar.
Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.
Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?”-deyə imdad edib, yalvarıb-yaxaranda hamı tərəfindən eyni səviyyədə başa düşülürdü. Çünki, dilimizdə işlədilən sözlər, adı çəkilən coğrafiyada yaşayan xalqların işlətdiyi sözlərlə, demək olar ki, eyni idi.
Həmin dövrdə Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını yazmışdı və opera başdan sonacan 400 il əvvəl yaşamış Məhəmməd Füzulinin qəzəllərinin musiqi ilə ifasından ibarət idi. Təsəvvür edirsiniz, ziyalı təbəqə bir tərəfə, sadə xalq bu operada nə deyildiyini anlayırdı. Çünki, onlar da Füzuli ilə eyni sözləri işlədirdilər. Leyli Qeysin qarasınca halını ərz edib:
“Мən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar,
Dövran ki, məni məzada saldı,
Bilməm kim idi satan, kim aldı,
Olsaydı mənim öz ixtiyarım,
Olmaz idi səndən özgə yarım,”
deyəndə, yaxud, anası Leylini danlayıb:
“Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna layiq işmidir bu?”-
deyəndə ziyalısı da, sadə vətəndaş da eyni duyğuları yaşayırdılar.
Bəs bu gün? Füzulinin qəzəllərini lüğətsiz, izahsız, şərhsiz anlayan neçə nəfər vardır? Nə oldu bizə? Bolşevik-daşnak ittifaqının qurduğu sistem nə etdi ki, son 100 ildə özümüz özümüzə bu qədər yadlaşdıq?
Çünki, geridə qalan 115 il ərzində dilimizdəki sözləri elə qətl etmiş, yerinə elə lüzumsuz sözlər gətirmişik ki, bu gün nəinki Füzulini, heç Cəlil Məmmədquluzadənin özünü də lüğətsiz anlaya bilmirik. İndi deyin, bizi Üzeyir bəydən, Mirzə Cəlildən, Əbdürrəhim bəy Haqverdiyevdən, onların müasirlərindən ayıran bu bir əsr müddətdə biz fikir, düşüncə, anlayış baxımından irəlimi getmişik, yoxsa geriləmişikmi?
Bütün bunlar azmış kimi, bir də məktəblərdə ədəbiyyat fənnini qətl edirik. Bununla uşaqlarımızı keçmişimizdən ayırırıq, əcdadlarımızdan qoparırıq, fikir irsimizdən, bədii təfəkkürdən, bədii ifadə bacarığından, zəngin söz ehtiyatından məhrum edirik. Bu, heç kəsin vicdanını ağrıtmırmı? Biz niyə bu qədər laqeydik?
- Nazim müəllim, Mirzə Cəlildən gətirdiyiniz nümunə bir başqa dərdimizi yada saldı. Bunu soruşmadan keçməyəcəyəm. Bəs övladlarına rusca təhsil aldıranlar? Onlar barədə bir söz deməyəcəksiniz?
- Onlara yazığım gəlir, Heydər bəy. Bəzən hirslənirəm, bunu yazılarımda da büruzə verirəm. Ancaq sonra özümü sakitləşdirirəm. Heydər bəy, bizim bir hissəmiz yalançı vətənpərvərliyin, dini terminologiya ilə desək, münafiqliyin təzahürüdür. Bir qismimiz Vətənimizi, xalqımızı sevmirik, sevir kimi görünməyə çalışırıq. Böyük Mövlanənin dediklərini siz məndən yaxşı bilirsiniz: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.” Bizim bəzi vətəndaşlarımız olduqları kimi görünməkdən qorxur, ya da utanırlar. Bilirsiniz, bizim bəzi vətəndaşlarımız elə bilir ki, rusca təhsil alan hər kəs çox böyük adam olacaq. Yaxud da qonşu, qohum qarşısında: “Bizim uşaq da rusca oxuyur,”-deyib çulunu sudan çıxaracaq. Heç də elə deyildir. Mənim bu ömrümdə çox sayda rusca təhsil alan adam görmüşəm ki, ən yaxşı halda “Vosmoyun bazarı”nda mıx-mismar satır, çox sayda ana dilində ortabab təhsil alan görmüşəm ki, bir rayona, bir nazirliyə başçılıq edib, millət vəkili olub. Arada itən-batan o lovğa valideynlər olub. Dərd budur ki, bizim bir qismimiz övladlarımzdan ADAM, İNSAN yetişdirmək barədə düşünmürük, ONLARDAN ÖZ XEYRİMİZƏ NECƏ İSTİFADƏ EDƏCƏYİMİZƏ baş sındırırıq. Dərd budur, Heydər bəy, dərd budur.
Övladlarına rusca təhsil verənlər övladlarını yadların qucağına atır, ölkəmizi hər an işğal edilmək təhlükəsi altına salırlar. Sübut istəyirlər? Rusiya Federasiyasının Konstitusiyasına, Konstitusiya aktlarına baxsınlar. Onlara görə nəinki rus millətindən olanlar, hətta rus dilində danışanlar belə Rusiya Federasiyasının himayəsi altındadırlar və Rusiya Federasiyası onları qorumağa (oxu: o ölkəni işğal etməyə) məsuldur. Vəssalam. Məsələ bu qədər sadə və anlaşılandır. Buna görə o adamlara yazığım gəlir. Bir tikə artıq çörək ümidi ilə, yaxud başqalarının qarşısında lovğalanmaq xətrinə doğma dilinə, yurduna, vətəndaşlarına arxa çevirmək... Canından əziz övladını nəfsinin istəklərinə qurban etmək... Belələrinə yazıq deməyim, nə deyim?
- Nazim müəllim, dərd deyib söhbətə başladıq, dərd deyib başa çatdırırıq. Daha sizi yormaq istəmirəm. İmkan olarsa, sonra bu məsələni yenə müzakirə edərik. İndi isə müsahibə üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm, Heydər bəy. Dərdli dərdlini tapanda dərdinə dərman olur.
Söhbətləşdi: Heydər Oğuz,
Ovqat.com
Paylaş: