Qan Turalı yazır...
Türkiyədəki dəhşətli zəlzələ “Əsrin fəlakəti” adlandırılır. Həm insan itkisinə, həm dağıntıların miqyasına, həm də zəlzələnin gücünə görə doğrudan da “6 Fevral zəlzələsi” bu məşum təyinə çox uyğun gəlir.
Azərbaycan tarixində isə “Əsrin fəlakəti” heç şübhəsiz ki, 1902-ci ildə baş verən Şamaxı zəlzələsidir. Şamaxı bundan əvvəlki dövrlərdə də dəhşətli zəlzələlərə məruz qalıb. Bizə məlum olan ən qədim Şamaxı zəlzələsi 1192 ilə təsadüf edir. Bu zəlzələnin arxasınca dəhşətli nəticələr verən 1667, 1859, 1872-ci illərdə baş verən zəlzələlər də olmuşdu.
1902-ci il zəlzələsi nisbətən yaxın dövrdə baş verdiyi üçün zəlzələ ilə bağlı istər dövrün mətbuatında, istərsə də yazılan xatirələrdə çoxlu materiallar var. Bu məqalədə də həmin zəlzələ ilə bağlı faktları qeyd etməyə çalışacağam.
Şamaxıda 6,9 bal gücündə baş verən zəlzələ 1902-ci ilin 31 yanvarında, saat 12:50-də baş vermişdi.
Beş il əvvəl aparılan əhalinin siyahıya alınmasına görə Şamaxının əhalisi 20 min nəfərdən artıq idi. Zəlzələ nəticəsində isə 3 mindən artıq sakin həlak oldu. Təxminən yeddi adamdan biri həyatını itirdi...
Şəhərdəki 5 min evdən 4 mini dağıldı.
Şamaxı zəlzələsi təkcə Şamaxı şəhərini yox, onun 125 kəndini də əhatə edirdi. Bu da axtarış-xilasetmə işlərini xeyli çətinləşdirmişdi.
Təkcə, evlər yox, məscidlər, kilsələr, dövlət idarələri, ictimai iaşə obyektləri də güclü zəlzələnin təsirindən dağılmışdı.
Ərazidə tədqiqat aparan mütəxəssislər fəlakətin böyüklüyünü iki səbəblə izah edirdi. Birincisi şəhərin məsaməli və qrunt sularının üzərində yerləşməsi idi ki, bu da binaları zəlzələyə qarşı son dərəcə davamsız edirdi. Digər tərəfdən isə gillə tikilən evlərin damı həddən artıq ağır olduğundan zəif divarlar ağır tavanı saxlaya bilmirdi.
1667-ci il zəlzələsindən 4 il sonra ərazidə olan holland səyyah Yan Streys zəlzələ haqqında bunları yazırdı:
“Dəhşətli dağıntılarda əli silah tuta bilən 80 mindən çox kişi həlak olub. Həlak olan qadın, uşaq və qulların sayı isə məlum deyil. Fəlakət təkcə Şamaxını yox, ətraf əraziləri də əhatə edib, sərt qayalar ayrılıb, bir çox kənd əmələ gələn boşluqlara yuvarlanıb. Hətta gəliş-gediş yolları da o qədər bərbad vəziyyətə düşüb ki, karvanlar dolanbac yollarla hərəkət etməli olurlar”.
Ancaq təəssüf ki, həmin ərazidə məskunlaşma davam edib və bu da növbəti zəlzələlərdə böyük tələfat və dağıntılara səbəb olub.
Zəlzələ ilə bağlı ən dəhşətli məqamlardan biri də qadınlarla bağlıdır. Belə ki, zəlzələ cümə axşamı baş vermişdi və həmin gün də Şamaxı hamamlarında qadınların çimmək növbəsi idi. Zəlzələ zamanı 12 hamamın xarabalığa çevrildiyini nəzərə alsaq, hamamda ölən qadınların nə qədər çox olduğunu da güman etmək olar.
Zəlzələdən xeyli müddət sonra, daha dəqiq desək 6 apreldə “Moskovskiy listok” qəzetində belə bir məlumat çap edilmişdi:
“Bu günlərdə hamamın qazıntısında 5 qadın cəsədi tapılıb. Bədbəxtlər zəlzələ vaxtı dağılmamış tağın altında daldalanıblar. Cəsədlərdə heç bir əzilmə və zədələnmə müəyyən olunmayıb. Həkimlər onların aclıqdan öldüyünü söyləyirlər. Əhali təəssüf edir ki, qazıntıların dayandırılması barədə göstəriş vaxtından əvvəl verilib..”
Zəlzələdən 9 gün sonra dağıntıların altından 6 yaşlı Ümmü adlı qız uşağı salamat çıxarılmışdı.
Dəhşətli fəlakətin miqyası geniş, nəticələri ağrılı idi. Minlərlə adam ac, evsiz qalmışdı. Hacı Zeynalabdin Tağıyevin rəhbərliyi altında Şamaxı üçün 122 min manatlıq yardım toplanıldı. Zəlzələ zonasına çoxlu əşya yardımı da göndərildi.
Bütün bu fəlakətdən nəticəsində minlərlə insan itkisi, məhv olmuş bir şəhər, əzab dolu xatirələr və göz yaşı dolu səhifələr gələcək nəsillərə qanlı bir yadigar kimi qaldı...
Oxu.az
Paylaş: