Xəbər lenti

Mingəçevirdə törədilmiş dəhşətli qətliamın yeni təfərrüatları barədə “Sputnik” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir. Bu məlumatda deyilir ki, Mingəçevir şəhər prokurorluğundakı mənbə qətlin gecə baş verdiyini deyib. Ancaq hadisə barədə hüquq-mühafizə orqanları səhər açılanda xəbər tutub. Qatil-1960-cı ildə anadan olmuş Hüseynov Lazım Ağa oğlu bütün gecəni qətlə yetirdiyi arvadının və iki uşağının qana bulanmış cəsədlərinin yanında keçirib. Saat 09.10-da yerli polis idarəsinə gələrək təslim olub və ailəsini necə qətlə yetirdiyini danışıb.

Əldə olunan məlumata görə qətlin törədilməsi üçün həm odlu silahdan, həm soyuq silahdan istifadə olunub. İlkin dindirmə zamanı Lazım bildirib ki, arvadını qısqanclıq zəminində öldürüb, sonra o, azyaşlı uşaqlarını qəddarcasına qətlə yetirib. Tezliklə hadisə yerindən qətl aləti-“Kalaşnikov” avtomatı aşkar edilib. Məlum olub ki, Hüseynov birinci Qarabağ müharibəsinin veteranıdır, avtomatı da özündə müharibə dövründən saxlayıb. O, etiraf edib ki, əvvəlcə arvadını “Kalaşnikov”la güllələyib, sonra uşaqlarına çoxsaylı bıçaq zərbələri endirib. Qatil bu zaman “affekt vəziyyətində olduğunu” deyib.

*   *   *12:36

Mingəçevir şəhərində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Qətlə yetirilən qadının qohumları bildiriblər ki, hadisə qısqanclıq zəmində baş verib, qətli törədən ailə başçısı isə narkomandır: “Lazım Hüseynov özündən 20 yaş kiçik olan A.Abbasovanı 18 yaşında olarkən qaçırıb və ailə qurub. Bu izdivacdan onların iki övladı olub. Əvvəllər mehriban idilər. Lakin sonradan Lazım Hüseynov narkotik vasitələr qəbul etdiyindən ailədə tez-tez münaqişələr olurdu. Sonra Lazım həbs edildi. Həbsdən çıxandan sonra bilmirik nə eşidib, nə deyiblər ona, gəldi bu hadisəni törətdi”.

Qətlə yetirilən ana və iki övladın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Məlum olub ki, L.Hüseynov arvadının və hər iki övladının başına küt və ağır alətlə vurduqdan sonra bıçaqla onların boğazını kəsib.

*   *   *12:18

Mingəçevir şəhər prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (İki və daha çox şəxsi öldürmə) və 228.1-ci (Qanunsuz odlu silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Mingəçevir şəhər prokurorunun böyük köməkçisi Elnur Səmədov virtualaz.org saytına hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib: “Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Hazırda Lazım Hüseynovun ifadəsi alınır. Hadisə zamanı törədilən odlu silahı polisə təhvil verməyib”.

Qeyd edək ki, hadisə Mingəçevir şəhəri, Nəsimi küçəsi 31 ünvanında baş verib. Qətlə yetirilən Aynurə Hüseynova həyat yoldaşından 24 yaş kiçik olub.

*   *   *10:55

Mingəçevir şəhər prokurorluğunun əməkdaşı Elnur Səmədov virtualaz.org saytına açıqlamasında hazırda polis və prokurorluq orqanlarının hadisə yerində olduqlarını deyib.

”Rezonans doğuracaq hadisədir. Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Əməkdaşlarımız hazırda hadisə yerindədirlər. Meyitlər müayinə olunmaq üçün morqa göndərilib”, - E.Səmədov bildirib.

İnarə Rafiqqızı

Virtualaz.org

*   *   *10:40

57 yaşlı Mingəçevir sakini Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu - 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və qızı - 5 yaşlı Mədinə Hüseynovanı öldürüb.

Nazim Hüseynov könüllü olaraq polisə təslim olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Hadisə yerində Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları işləyir. (“Report”)

 




Ana səhifəyə qayıt        Baxış: 1 368          Tarix: 9-06-2017, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma