Xəbər lenti
 

İşəqəbulda iştirak edən 1 800 nəfərdən yalnız ikisi işə qəbul olunub
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkil etdiyi “Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması” konfransında Vergilər Nazirliyi İnsan resursları Departamentinin nümayəndəsi Akif Osmanov təhsildən danışıb. Onun sözlərinə görə, Azərbaycanda təhsilin səviyyəsi ürəkaçan deyil: “Bir müddət əvvəl biz Dövlət İmtahan Mərkəzi ilə birlikdə işəqəbul üzrə imtahan keçirdik. İmtahanda 1 800 nəfər iştirak edirdi. Onlardan yalnız ikisi işə qəbul olunub. Bu, birincisi, prosesin necə şəffaf keçirildiyini göstərir. İkincisini isə siz yaxşı görə bilirsiz. Yəqin görürsünüz ki, təhsil sistemi hansı səviyyədədir”.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu  təhsil sisteminin iflic vəziyyətdə olduğunu deyir. Ekspert  mövcud problemin təhsil sisteminin azad olmadığında görür. Həmsöhbətimiz deyir ki,  problemlərlə dolu olan  təhsil sektorunda qırmanc üsulu tətbiq edilir:
“Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mövqeyi heç vaxt üst-üstə düşmürdü. Bir qurumun keçirdiyi buraxılış imtahanlarıyla digərinin keçirdiyi qəbul imtahanı bir-birindən fərqlənirdi. Biri  təhsildəki bərbadlığın üstünü malalayır, digəri də onu açıb tökürdü. Dövlət İmtahan Mərkəzinin apardığı imtahanlarda isə ixtisas sahibinin qabiliyyəti nümayiş etdirilir. Bu qurum müəyyən qədər standartlara uyğunluq tələb edir. Təkcə pedaqoji sahədə deyil, digər sahələrdə də  işəqəbulla bağlı  imtahanı Dövlət İmtahan Mərkəzinin aparması  məqbul hesab oluna bilər. Çünki nəticə 80-90 faiz real olur.
Bütövlükdə isə təhsil sektoru iflic vəziyyətindədir. Kadr problemi var, təhsil azad deyil.  Bu sektor çomaqla idarə olunur”.
Nigar

Azadlıq.info


Ana səhifəyə qayıt        Baxış: 1 039          Tarix: 18-04-2017, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma