Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun 80 illiyi münasibətilə Ovqat.com-un e-mail ünvanına təbrik məktubları “axışır”. Ən maraqlı məktublardan biri isə Naxçıvandan gəlib.
Məktubda yazılır:
“Ədalət - əbədiyyət ölçüsüdür, etiqadla gücün birliyidir. Ədalətli olmaq sərmayədir.
Mənin İlyas müəllimi ilk dəfə 1998-ci ildə tanımışam. Həmin il çətinliklərlə dolu idi, xalq, o cümlədən mən, distopik duruma düşmüşdü. Rəhmətlik əsl alim Azad Mirzəcanzadə həmin ilin bu cür keşməkeşli olmasını belə izah edirdi: “1998 rəqəmi 666-ya qalıqsız bölünəndir”. Təbii ki, hörmətli alimimizin bununla nə demək istədiyi aydındır.
Məhz 666-ya qalıqsız bölünən həmin ildə ADP Naxçıvan təşkilatının sədri kimi mən İlyas İsmayılovla görüşmüşdüm. Üzərindən 20 il keçməsinə baxmayaraq, mənim İlyas müəllimlə bağlı ilk təəssüratım eynilə qalır: Ədalət - İlyas İsmayılovun həyat tərzi, davranış ehkamıdır. Qoy, ardıcılları kütləviləşsin ki, vətəndaş kimi ölkəm adına qürur duyum!
Sayqıdəyər İlyas müəllim, ailənizlə birlikdə Sizə can sağlığı arzulayıram.
Hörmətlə, 2003-cü il prezident seçkilərində İlyas İsmayılovun namizədliyinə imza atmış 2000 naxçıvanlı ədalətsevər adından
İ.B.Mirzəyev.”
Paylaş: