Xəbər lenti

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Almaniyanın Münhen şəhərində keçirdiyi mətbuat konfransında sabah – bazar ertəsi günü Türk heyətinin Rusiyaya gedəcəyini və rusiyalı həmkarları ilə İdlib məsələsini müzakirə edəcəklərini açıqlamışdı. Bu səfərin xeyli gərgin keçəcəyi Çavuşoğlunun sözlərindən də aydın olurdu. Belə ki, Türkiyənin baş diplomatının bildirdiyinə görə, problem sülh yoluyla həll olunarsa, nə gözəl, olunmasa, rəsmi Ankara lazımi addımlar atacaq.

Ovqat.com xəbər verir ki, Türk heyətinin səfəri  öncəsi (dünən Çavuşoğlunun məlum açıqlamasından bir qədər sonra) Russia Today televiziyakanalının yaydığı bir məlumat rəsmi Ankaraya təzyiq kimi qiymətləndirilə bilər.

Rus hərbi qaynaqlarına istinad edilən məlumatda Türkiyənin Suriyanın şimal-qərbindəki İdlib bölgəsində müxaliflərə silah və hərbi texnika verdiyi, bunun böyük bir hissəsinin isə Nusra Cəbhəsi üzvlərinə təslim edildiyi iddia olunur.

Hərbi qaynağın iddiasına görə, Türkiyə İdlibdəki döyüşçülərə 70-dən çox tank və təxminən 200 zirehli texnika hədiyyə edib. Həmin “terrorçu” qrupların daha əvvəl də Türkiyədən Amerikan istehsalı olan zenit silahları aldıqlarını bildirən qaynaq bir müddət əvvəl Suriya ordusuna aid iki vertolyotun vurulduğunu xatırladıb.

Qeyd edək ki, Suriya ordusunun əvvəl 8, daha sonra 5 türk əsgərini şəhid etməsindən sonra Türk Silahlı Qüvvələri bölgəyə xeyli hərbi texnika göndərmişdi. Rəsmi məlumata görə, Suriya sərhəddinə göndərilən hərbi hərbi karvanda 900 civarında hərbi texnika bulunurdu və onların bir qismi İdlibdəki Türk müşahidə postlarını qorumaq üçün Suriyaya yola salınmışdı.

Hazırda İdlibdə Türkiyənin 12 müşahidə postu var və Suriya ordusunun son əməliyyatları ilə həmin postlar mühasirəyə düşmüş vəziyyətdədir.




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 16-02-2020, 07:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma