Xəbər lenti

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkə şəhərində planlaşdırılan terror aktlarının qarşısını alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

Nazirliyin rəsmi nümayəndəsi Mənsur ət-Turki bildirib ki, terrorçular eyni vaxtda ölkənin 3 ərazisində terror aktı həyata keçirməyi planlaşdırırmış. Onlardan biri Ciddə vilayətində, ikisi isə Məkkədə həyata keçirilməli imiş.

Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, xüsusi təyinatlılar Əl-Asilə və Əciyad yaşayış məntəqələrində əməliyyat keçirərək silahlıları həbs ediblər.

Məlumatda bildirilir ki, terrorçu kamikadze Əciyaddakı binalardan birində gizlənib və hüquq-mühafizə orqanlarının silahı yerə qoymaq tələbinə əməl etməyərək təhlükəsizlik qüvvələrinə atəş açıb. O, bundan sonra özünü partladıb.

Əməliyyat zamanı ümumilikdə 5 nəfər saxlanılıb. Onlar arasında qadın da var. 

Təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verilmir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 24-06-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma