Xəbər lenti

  “Mən tikiş sexinin işçiləri üçün Vergilər Nazirliyinin müəssisəmizə kəsdiyi 25 min manatlıq cəriməni bir dəfəyə ödəmək iqtidarında deyiləm. Cəriməni tədricən ödəmək istəyirəm. Əks halda, müəssisəmizin qapısına kilid vurub, işi dayandırmağa məhkumam”.

Ovqat.com xəbər verir ki, bunu Sabunçu rayonu, Ramana qəsəbəsi 79 ünvanında yerləşən tikiş sexinin sahibi Cəfərova Aybəniz Murad qızı əməkdaşımızla söhbətində bildirib.

Onun dediyinə görə, 20 aprel 2017-ci ildə sexlərinə anidən təftişə gələn Vergilər Nazirliyinin əməkdaşları müəssisədə qeydiyyatsız çalışan 25 işçi təsbit etmiş və hər biri üçün 1000 manat cərimə yazmışdır.

Fiziki şəxs kimi bu yaxınlarda açdığı kiçik müəssisədə işləyənlərin rəsmi qeydiyyatdan keçirilməsinin vacibliyini bilmədiyini etiraf edən Aybəniz xanım məqsədinin heç də hansısa sosial ödəmə və vergidən yayınmaq olmadığını deyir:

 

 “Biz həmin sexi elə cərimələndiyimiz ay açmışıq. Vergilər Nazirliyindən VÖEN alarkən də bu cür mükəlləfiyyətimin olduğuna dair məlumatlandırılmamışam. Müəssisəmizi rəsmi qeydiyyatdan keçirib işə başladıqdan qısa müddət sonra isə nazirlikdən yoxlamaya gəliblər və bizi iş üstündə “yaxalayıblar”. Bir sözlə, işgüzarlıq münasibətlərindəki təcrübəsizliyimdən bu hadisə başıma gəldi. Mən və seximizdə işləyən dərzilər əlimizdə-ovcumda nəyimiz varsa, satıb bu iş yerini açmışıq. İlk quruculuq dövrünü hələ tamamlayan seximiz özünün istehlak bazarını da yarada bilməyib. Xüsusilə indiki böhran dövründə işçilərimizin maaşını belə çətinliklə çıxarıram. Vergilər Nazirliyinin seximizə kəsdiyi cəriməni ödəmək üçün məcburuq yenicə qurduğum müəssisəni dəyər-dəyməzinə sataq”.

 

Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafını təşviq edən çıxışlarından sonra sex açmaq fikrinə düşdüyünü, dövlətin yeni yaranan müəssisələrə xüsusi qayğıyla yanaşacağını düşündüyünü bildirən sahibkar xanım ilk təşəbbüsünün bu cür nəticələnəcəyini isə ağlından keçirmirmiş: “Çünki möhtərəm Prezidentimizin müəssisələrin inkişafı üçün 7 il ərzində bir çox yoxlamaları dayandırdığını və yeni təşəbbüslərin iş qabiliyyətlərini artırmaq istiqamətində təşviq ediləcəyini oxumuşdum. Mən və dərzi yoldaşlarım tikiş işini az-çox bacaran insanlar kimi qolumuzu çirmələyib bu işə girişdik. Təəssüf ki, böyük arzularımızın elə ilk addımında xoşagəlməz sürprizlə qarşılaşdıq”.

  Məcburi köçkün olan Aybəniz xanım bir oğlunun əsgərlikdə Vətən qoruduğunu, özünün isə ailənin faktiki yeganə gəlir mənbəyi olduğunu bildirir və dövlət rəhbərlərini bütün bunları nəzərə almağa çağırır: “Ümid edirəm ki, səsimi eşidən ölkə rəhbərliyi mənim kimsəsiz qadın, ailəmin və bu sexdə işləyən dərzilərin əksəriyyətinin məcburi köçkün, oğlumun əsgər olduğunu nəzərə alacaq və haqqımızda qaldırılan cinayət işini xətm edəcək. Ən azı ona görə ki, biz nə dövlətimizin müəssisəmizə layiq gördüyü cərimədən, nə də ümumiyyətlə dövlət qarşısında mükəlləf olduğumuz vəzifələrdən boyun qaçırırıq. Sadəcə, dövlətimizdən həm cəriməmizi, həm də digər mükəlləfiyyətlərimizi yerinə yetirmək üçün möhlət istəyirik. İşə yenicə başlamış kiçik sahibkar kimi qanunları bilməməyimin cəzası bu qədər ağır olmamalıdır. Onu da nəzərə almalarını istərdim ki, seximiz hər hansı xəbərdarlıq edilmədən cərimələnib”.

 Sex rəhbərini ən çox narahat edən isə kiçik hesaba görə, haqqında cinayət işinin açılmasıdır: “Mən Azərbaycan qadını adını həmişə qorumuşam. Bir məcburi köçkün və kimsəsiz xanım kimi çox çətinliklərlə üzləşmişəm, amma həmişə alnımın təriylə çörəyimi yoğurmuşam. Cinayətkar ləkəsini bu ada yaraşdırmıram və məni ən çox narahat edən də budur. Dövlət rəhbərlərinin də “Azərbaycan qadını” adına hörmətlə yanaşacağına ümid edirəm”.

Xanım sahibkarın dövlət adamlarımızın mərhəmətinə bağladığı ümidə biz də qatılmaq istərdik. Ən azı ona görə ki, ölkənin iqtisadi böhran keçirdiyi indiki vəziyyətdə 25 ailəyə çörək vermək hər kişinin işi deyil. Aybəniz xanım isə hər kişinin bacarmadığı bu işi qadınlığı ilə həyata keçirməyə çalışır. Ölkə hakimiyyətinin vəzifəsi isə bu gözəl təşəbbüsü dəstəkləmək olmalıdır.

 Üstəlik, Aybəniz xanımın təşəbbüsü ilə fəaliyyətə başlayan sex məcburi köçkünlər şəhərciyində yerləşir və müəssisənin əksər işçisi elindən-obasından didərgin salınmış insanlardır. İri məmurların alın təri tökmədən milyardlarla dolları bir gündə yox etdikləri məmləkətdə qaçqınların işlətdiyi sexlərin kiçik hesablara görə cəzalandırılması həqiqətən də ürək ağrıdır.




Ana səhifəyə qayıt        Baxış: 2 962          Tarix: 11-06-2017, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma