Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, vergi yükünün optimallaşdırılması məqsədilə ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin həcminin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.
Ovqat.com "APA-Economics" istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov "Vergilər" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qanuna əsasən, regionlarda qeydiyyatda olan 38111 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan 107 mln. manat borcu silinib: "Bu isə vergi ödəyiciləri tərəfindən rəğbətlə qarşılanıb və sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında olan vəsaitlərin həcminin artmasına şərait yaradıb".
Bundan əlavə, E.Bəylərov bildirib ki, 3285 vergi ödəyicisi tərəfindən maliyyə sanksiyaları üzrə borclarının müəyyən faizi ödənilərək, onların daha 4,8 mln. manat borclarının silinməsi də təmin edilib.
Paylaş: