Xəbər lenti

  

Urfullah Qurbanov

Azərbaycanın müstəqilliyinin olduqca asan qazanıldığı düşünülür. Bu düşüncənin əsasını isə “onsuz da SSRİ dağılırdı, digər respublikalar kimi, biz də müstəqil olacaqdıq” mülahizəsi təşkil edir.

Sözsüz ki, tarixi şərait də müstəqilliyimizin əldə olunmasında müstəsna rol oynayıb və bunu inkar etmək mümkün deyil. Bununla belə, müstəqilliyə ilk addım atan ölkə kimi, daxili və xarici düşmənlərlə çevrələndiyimiz də inkarolunmaz faktdır.

Bəs, çox da uzaq olmayan bu keçmişdə dövlət təhlükəsizliyimiz necə təmin edilirdi?

Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovun qələmə aldığı xatirələri bu suala müəyyən aydınlıqlar gətirir. Müəllifin “Xüsusi dövlət əhəmiyyətlin tapşırıq” adlı xatirələrini Ovqat.com oxucuları ilə paylaşırıq:

 

 

                                                          ÖN   SÖZ

 XX əsrin əvvəli və sonu tariximizin səhifələrində  qızıl hərflərlə qan yaddaşımıza  köçürülmüşdü.  Şərqdə  ilk  Demokratik  Cümhuriyyət  Azərbaycanda qurulmuş və 23 ay fəaliyyət göstərmişdi. İllər keçsə də keçən əsrin sonunda  Azərbaycan  xalqı müstəqillik  bayrağını  yenidən qaldırmış,  oğulları  vətən  yolunda  canlarını fəda etmişdilər. Hər dəfə düşmənlərimiz  fürsətdən  istifadə  edərək torpaqlarımızın bir qismini,  sonuncu dəfə  isə 20 % işğal etmişdi. Xalqımız  dəfələrlə  soyqırıma  məruz  qalmışdı. Müstəqilliyimiz vətən övladlarının qanı bahasına qazanılmışdı...

 Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız da bu hadisələrdən  kənarda qalmamışdı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi  altında  Azərbaycanın müstəqillik  atributları  Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmişdir. Beləliklə, Azərbaycanın  müstəqilliyinin  əsasları  Naxçıvanda qoyulmuşdu. Heydər Əliyevin Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədri  işlədiyi dövrdə  Muxtar  Respublikanın erməni təcavüzündən 25 il bundan əvvəl qorunması ilə bağlı Xüsusi Dövlət Əhəmiyyətli Tapşırıq  gerçək  hadisələr,  rəsmi  sənədlərlə  məqalədə  ilk  dəfə  olaraq  əks  olunmuşdu.

 

                                                   25  il  əvvəl

XÜSUSİ  DÖVLƏT  ƏHƏMİYYƏTLİ  TAPŞIRIQ

 

Heydər Əliyev çox qayğılı görünürdü. Kabineti soyuq idi. Mənimlə səmimi görüşüb oturmaq üçün yer göstərdi. Ümumi söhbətdən sonra mənə məlum oldu ki, 1986 –cı ildə bir QRU zabiti kimi Əfqanıstana göndərilmək üçün seçildiyimdən də xəbəri var. Naxçıvanda olan ağır iqtisadi durum və erməni təhlükəsindən ətraflı danışaraq əsas mətləbə keçdi. Naxçıvan  MR ərazi bütövlüyünü, əhalisinin təhlükəsizliyini təmin etmək üçün mənə  xüsusi dövlət əhəmiyyətli tapşırıq verdiyini, eyni zamanda özünün hərbi səlahiyyətli nümayəndəsi elan etdiyini bildirdi...

Naxçıvan Sovet İttifaqının tərkibindən çıxan ilk Muxtar qurum idi. Müstəqillik yolunda ilk şəhidlərimizi də vermişdik. Düşmən daha çox şey istəyirdi. Ərzaq qıtlığı hiss olunur, çörək üçün növbələr yaranmışdı. Ən qəribəsi isə o idi ki, çox ucuz qiymətlərə şəhərə avropada istehsal olan rusiya araqları daxil olurdu...

 

H.Əliyev qısa zaman ərzində İran İslam Respublikası ilə gömrük keçid məntəqələrinin açılmasına nail oldu. Türkiyə ilə Naxçıvan arasında Ümid körpüsünün tikintisi gedərkən mühüm bir əməliyyat xəbəri almışdıq: körpüdə partlayış törədiləcəkdi. Keçirilmiş əməliyyat tədbiri nəticəsində əllərində partlayıcı qurğu ilə bir erməni və bir rus təxribatçı ələ keçirildi. Bir müddət sonra H.Əliyev İrəvanda əsirlikdə olan 16 yaşlı Vüqar adlı gənclə rusun dəyişdirilməsi tapşırığını verdi. Vüqar bizə dedi ki, Mingəçevirdə yaşayır. Gəncəyə dayısıgilə qonaq gəlib, oradan isə Gürcüstana gedib. Məqsədi Türkiyəyə getmək idi. Sərhəddə ruslar onu saxlayıb, sonra ermənilərə satmışdılar. Vüqarın söhbətindən məlum oldu ki, dayısı dostu ilə birlikdə Qarabağda gedən döyüşlərdə iştirak edirlər. 

Naxçıvan MR əks-kəşfiyyatının rəisi kimi onsuz da işlərim çox idi. 1991-ci ildə biz ilk dəfə olaraq Naxçıvanda DTK-nın (KQB) fəaliyyətini dayandırmışdıq. Heydər Əliyev Naxçıvanda Dövlət Təhlükəsizliyi ilə bağlı bütün məsələləri bizə həvalə etmişdi. Yeni təlimata görə mən birbaşa H.Əliyevlə işləməyə başlamışdım. İstədiyim vaxt onunla görüşürdüm. İlk sualı “ermənilər hücum edərsə onların qarşısını almağa gücümüz yetərmi?” olurdu. Ermənilərin xəyanətkarlığı dünyaca tanınmış dövlət, siyasət adamı olan H.Əliyevi çox məyus etmişdi. H.Əliyev onlar üçün hansı yaxşılıqları etməmişdi? Qarşıda bizi böyük bir imtahan gözləyirdi...

 

H.Əliyevə dedim ki, general Slaboşevski qarşınızda diz çökəcək

 

 

Azərbaycanda gedən milli azadlıq hərəkatı öz bəhrəsini vermişdi. Xalqımız müstəqilliyə qovuşmuşdu. Müstəqil dövlətimizin atributları ilk dəfə olaraq H.Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilmişdi. O cümlədən, müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün Dövlət Milli Müdafiə Komitəsinin (DMMK) yaradılması ilə bağlı xüsusi qərar xalqımızda milli qürur hissi yaratmışdı. İlk milli ordu hissəsi olan Naxçıvan DMMK qısa zamanda səfərbərlik elan edərək sıralarını qəhrəman övladları ilə genişləndirdi. Buraya hətta Cənubi Azərbaycandan, qardaş Türkiyədən gələn vətənpərvərlər də daxil idi. Məlum səbəblərdən onların adlarını yaza bilmirəm. Bu qəhrəmanların adları bizim qəlbimizdədir. Tarix təkrar olunurdu. İstiqlal Savaşında Baş Komutan Mustafa Kamal Atatürkün rəhbərliyi altında 57 və 22-ci alaylarda Azərbaycandan gedən könüllü əsgər və zabitlər döyüşmüşdülər. İndi də qardaşlarımız könüllü olaraq bizə köməyə gəlmişdilər...

Azərbaycan xalqı Nuri Paşanı, Ənvər Paşanı, Kazım Qarabəkir Paşanı sevgi dolu qəlbində yaşadır. Azərbaycanda hər yerdə olduğu kimi Naxçıvanda da Türk şəhidlərinə böyük ehtiram var. Məzarları daima ziyarət olunur, duaları əskik olmur...

Dövlət Milli Müdafiə Komitəsinin komandiri, yaxın dostum Naxçıvanın qəhrəman oğlu Elman Abbasov oldu. Bu o zaman idi ki, Bakıda Respublika Prezidenti milli ordu yaratmaq əvəzinə, özünü qorumaq üçün Prezident qvardiyası yaratmaq istəyirdi. Bunun üçün Milli Məclisdə debatlar aparılırdı. Bakı və digər rayonlardan olan çağırışçılar Rusiyaya, keçmiş Sovetlər Birliyinin respublikalarına hərbi xidmətə göndərilirdilər. Naxçıvanda isə çağırışçılar öz ilk milli ordumuzda - Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində (DMMK) həqiqi xidmət keçərək Naxçıvanın ərazi bütövlüyünü qoruyurdular. Burada eyni zamanda Sovet ordusuna məxsus hərbi diviziya və Sərhəd Dəstəsi fəaliyyət göstərirdi. Rus general və zabitləri bizə deyirdilər ki, siz ordu yarada bilməzsiniz, bizi daima qıcıqlandırır, gecələr milli formalarımızı geyərək avtomat silahlardan atəş açıb təxribat törədirdilər. “Təxribatı siz ruslar törədirsiniz” dedikdə inkar edirdilər. H.Əliyevə dedim ki, qısa vaxtda diviziya komandiri general Slaboşevski qarşınızda diz çökəcək, təxribatların qarşısı alınacaq. Apardığım əməliyyat tədbirləri nəticəsində hər üç alayda (polkda ) xidmət edən əsgər və zabitlərdən aldığım 30-a yaxın izahatları H.Əliyevə təqdim etdim. İzahatlarda konkret yazılmışdı ki, polk komandirləri bizi məcbur edirlər ki, təxribat törədək. Rus generalı bu izahatları görən zaman dili topuq vurmuş, deməyə söz tapmamış, H.Əliyevdən üzr istəyərək bu cür halların təkrar olmayacağına söz vermişdi. Əsas məsələ isə, hələ ki, həll edilməmiş qalırdı. Bu, milli ordumuzun silaha, sursata, ağır texnikaya olan ehtiyacını ödəmək idi...

 

Ruslar təxribatlarından əl çəkmək istəmirdilər. İndi də Sərhəd Dəstəsinin zabitləri fəaliyyətə keçmişdilər. DMMK-nin sədri Elman Abbasov məni yanına dəvət etdi. Bildirdi ki, Ordubadda ruslar silah gücünə 4  əsgərimizi əsir götürərək 3 gündür Naxçıvan Sərhəd Dəstəsində saxlayıblar, buraxmaq istəmirlər. Onları azad etmək lazımdır. Baş leytenant paqonlarını çiynimə taxıb Sərhəd Dəstəsinə gəldim. O zaman Sərhəd Qoşunları DTK-ya (KQB) bağlı qurum idi. Növbətçiyə “rabitə bölüyünün komandiriyəm, polkovnik Jukovla görüşmək istəyirəm” dedim. Planım baş tutmuşdu. Bir neçə dəqiqədən sonra Jukov məni qəbul etdi. Qurduğum dialoq ona çox təsir etmişdi. Yarım saatlıq görüşdən sonra qərərgah rəisini və əlavə 3 nəfər podpolkovnik rütbəli zabitləri yanına çağırdı. Həmin zabitlərdən biri Naxçıvanlı idi. Mən onu tanıyırdım, o isə yox. Təxminən, 1 saat söhbətdən sonra əsgərlərimizi alıb iş yerimə qayıtdım. Valideyinlərinin sevincdən gözləri yaşarmışdı...

Bu hadisədən bir neçə gün sonra məlumat aldım ki, Baş Prokurora qarşı təxribat törədiləcək. İşin çoxluğundan o, idarədə gecələyirdi. Təxribatçılar həmin gün otağın açarını oğurlamışdılar. Açarı onlardan alıb müvafiq söhbətdən sonra Prokurorluğa gəldim. Prokurorun yanında bir nəfər var idi. Bu, Sərhəd Dəstəsində işləyən zabit Cahangir Qulamov idi. O, Hüseyn Hüseynova mənim əsgərlərimizi Jukovdan necə aldığımı söylədi. Sonralar o, Naxçıvan Sərhəd Dəstəsinin ilk komandirlərindən biri oldu. Açarı Hüseyn müəllimə verib onu ehtiyatlı olmağa dəvət etdim...

Qonşu ölkədən gələn cəsus qərargah rəisinin iş otağından Naxçıvanın müdafiə planını əldə edə bilsə də, onun şəhərdən çıxarılmasına yol vermədim, sənədi alıb DMMK –nin sədrinə təhvil verdim...

Az keçməmiş xəbər gəldi ki, Ali Məclis Sədrinin 1-ci müavini yoxa çıxıb. H.Əliyev Rəşid Həsənovun təxribatçılardan azad edilməsi üçün mənə göstəriş verdi. Çətin danışıqlardan sonra onu geri aldım. Bu hal bir neçə dəfə təkrar oldu…

Ermənilərə cəsusluq edən bir rus zabitini vaxtında ifşa edərək onun İrəvana getməsinin qarşısını aldım. Onu ciddi  cəzalandırdıq...

         Bizə də edilən təzyiq və təxribatlara baxmayaraq, vəzifəmizin başında ayıq-sayıq dayanmışdıq... 

Vüqarı Gəncəyə Əbdül Məmmədov aparacaqdı. Lakin müəyyən səbəbdən o, bir gün sonra Gəncəyə getdi. Getməmişdən öncə yarım saatlıq söhbətimiz oldu. İki gün sonra Əbdül bəy geri döndü. Gözlədiyim bir məktubu gətirmişdi. Vüqar ailəsinə qovuşmuşdu. Bundan əvvəl biz Goranboylu Ümid kişini erməni əsirliyindən azad etmişdik. Bu hadisə Azərbaycanda xilaskar Heydər Əliyev obrazı yaratmışdı. Vüqarın ailəsi Əbdül bəyi çox səmimi qarşılamışdı. O, çox sevincli idi. Heç kəsə bəlli deyildi ki, bir neçə aydan sonra Sədərəkdə gedən ağır döyüşlərdə Əbdül bəy onurğa sütünundan güllə yarası alıb ömrünün sonunadək yataq xəstəsi olacaq. Bu da azmış kimi,  2016-cı il aprel döyüşlərində oğlu mayor Rasim Məmmədov qəhrəmancasına şəhid olacaq. Oğlunun qırxı çıxmamış bu acıya dözməyən Ata dünyasını dəyişəcək. Cəhri kənd qəbiristanlığında iki qəbrin üzərində Azərbaycan bayrağı dalğalanır. Burada qəhrəman ata-oğul uyuyur...

Yenicə işə gəlmişdim,  köməkçim məlumat verdi ki, Gəncədən bir nəfər qəbula gəlmək istəyir. Vüqarın dayısı idi. Nədənsə təşəkkür etmək üçün mənim yanıma gəlmişdi. Minnətdarlığı H.Əliyevə çatdırmaq üçün onu Ali Məclisə göndərdim. Görüşdən sonra yanıma gəldi. H.Əliyev onu çox səmimi qəbul etmişdi. Mənə dedi ki, dostu Gəncə şəhər Müdafiə Şurasının sədridir. Biz sizə müəyyən köməklik edə bilərik...

H.Əliyev bir günlüyə Gəncəyə getməyimə icazə verdi. Hazırladığım təklif və planı məruzə etdim. 3 gün ərzində mən Gəncədən Naxçıvana hərbi yardım gətirməli idim...

 O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana münasibəti məlum səbəblərdən ögey idi. Naxçıvan tam blokada vəziyyətində  çətin günlərini yaşayırdı. Azərbaycanla əlaqə yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bütün bunları nəzərə alaraq Naxçıvan MR Nazirlər Kabinetindən AZAL-a ünvanlanmış bir məktub aldım. Məktuba yazdırmışdım ki, Gəncədən Naxçıvana meyvə-tərəvəz daşımaq üçün bizə bir yük təyyarəsi verilsin. Məktubla Bakı şəhərinə gəldim. AZAL-ın rəhbərliyinə məktubu verəndə xahiş etdim ki, ekipajın komandiri azərbaycanlı olsun. AZAL rəhbərliyi xahişimi təmin etdi. AN-26 tipli yük təyyarəsinin komandiri Cavanşir bəyin heyətilə birlikdə Gəncə aeroportunda yerə endik. Qabaqcadan hazırladığım bir maşın hərbi yük aeroporta yaxın şərtləşdiyimiz yerdə bizi gözləyirdi. Təzəcə təyyarədən enmişdim ki, iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı. Bakı ləhcəsində mənimlə rusca danışmağa başladılar. Bakıdan telefonoqramma aldıqlarını, Naxçıvana kimə hansı yükün gedəcəyindən xəbərdar olduqlarını bildirdilər. Aeroportun binasını göstərib orada snayper yerləşdirdiklərini, əgər təyyarəyə yük vurularsa, nəinki mənim, hətta ekipaj üzvlərinin həyatlarının təhlükə qarşısında olacağını deyib getdilər. Ekipaj üzvlərinin həyatları ilə risk edə bilməzdim, odur ki, Cavanşirə dedim ki, iki gündən sonra saat 10-00 da Gəncə aeroportunda olsun. Təyyarə Bakıya geri uçdu...

(ardı var)




Ana səhifəyə qayıt        Baxış: 4 074          Tarix: 20-09-2017, 20:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma