Xəbər lenti

 

Bu gün Azərbaycanda Sərhəd Qoşunları Günüdür. Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il dekabrın 16-da Azərbaycanda sərhəd qoşunlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyinin əsas amillərindən olan Azərbaycan Respublikasının sərhədlərinin məhz Sərhəd Qoşunlarına tapşırılmasının bu qoşun növünün Respublika Silahlı Qüvvələrinin tərkibində çox böyük əhəmiyyətə malik olduğunun göstəricisi olduğunu qeyd etmişdir.
2000-ci il avqustun 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında sərəncam imzaladı. 2002-ci il iyulun 31-də ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalaması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Dövlət başçısı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2009-cu ildə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışı zamanı qeyd etmişdir ki, lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək.

Bu gün sərhədlərimizin keşiyində duran bütün əsgər, çavuş, zabit və gizirlər peşə bayramlarını böyük qürur hissi ilə qeyd edirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 527          Tarix: 18-08-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma