Xəbər lenti

  Başlığa çıxardığım bu ad SSRİ - nin sonuncu,  Birinci Baş İdarəsinin - yəni bu gün Xarici Kəşfiyyat Xidməti adlanan Rusiya xüsusi xidmət orqanının  rəhbəri  Şebarşinin kitabının adıdır. Mənim Şebarşin kimi nostalji hisslərdən yazmaq fikrim yoxdur. Mən bu günlərdə cəbhə bölgəsində baş verən iyrənc hadisələrin, ermənilərin Şuşanı almaqlarının 25 illik bayram tədbirlərini keçirmələrinin, ardınca da Şuşanı paytaxt elan edəcəklərinin və tuttduqları torpaqlarımızda sürətlə məskunlaşma haqqında hamının eşitdiyi, bildiyi informasiyaların hələ də təsirinin altındayam. Və mən bu yazını nə siyasətçi, nə də keçmiş xüsusi xidmət orqanının işçisi kimi deyil, qarabağlı İlham İsmayıl kimi,  Azərbaycan Respublikasının vətəndaşı İlham İsmayıl kimi yazıram. Şebarşinin nostaljisi imperiya üçündürsə, mənim dərdim (dərd nostalji deyil, DƏRDDİR!) imperiyalar üçün künc, mənim üçün isə ürəyimin başı olan Qarabağdır.
Niyə rekviyem?  Ona görə ki, biz ölüm ayağındayıq. Bu, təzə xəbər deyil. Biz, 1988-ci ildən başlayan vətən savaşını uduzan xalq olaraq... ölüm ayağındayıq. Biz, bu savaşı uduza-uduza  bu nöqtəyə gəlib çıxmışıq. Bu illəri xronikal analiz  etsək, görərik ki, Qarabağ  siyasətdən uzaq olan camaatımız üçün  torpaqlarını müdafiə etmək, camaatımızdan fərqli olaraq siyasətçilərimiz sayılanlar üçünsə hakimiyyətə gəlmək məqsədi olub. Düşmən istədiyinə nail oldu, Qarabağı aldı. Siyasilərimiz də istədiklərinə qovuşdular -  Qarabağ torpaqlarını bilərəkdən, ya bilməyərəkdən itirə- itirə  hakimiyyətə gəldilər. Gələnlərin hər biri “Qarabağı azad edəcəyik” dedi... Dedilər.., əməl edə bilmədilər, ya da əməl etmək istəmədilər. Hər iki variantda bir səbəb var: “Qarabağ cəhənnəmə, hakimyyətdə qalacağammı?”. Bu məntiqlə hakimiyyətdən getdilər, hakimiyyətə gəldilər, bu məqsədlə Qarabağı siyasi hərraca çıxardılar.  
Erməni  də zaman-zaman işini gördü, 1988-ci ildən başlayan və atəşkəs deyilən xəyanət protokoluna qədər  Dağlıq Qarabağ sərhədlərindən kənarda da rayonları işğal edib rahatladılar. Məğlub tərəf kimi, boynu bükük yetim kimi 25 ildən çoxdur ki, öz ağzımıza yox, onun-bunun ağzına baxırıq. Xankəndi uğruna qalxan xalqı Ağdamı itirməyə məcbur etdilər. Bu gün də diplomatiyamız: "Dağlıq Qarabağ və ətrafında işğal olunmuş 7 rayon” termini işlədir. Bu siyasət üçün Dağlıq Qarabağ işğal olunan vətən torpağı deyil, Şuşa, Əsgəran, Xankəndi, Xocavənd, Ağdərə  işğal olunan vətən ərazizisi deyil!
Şuşa Artsaxın paytaxtı olacaq! Bu xəbər də cəbhə bölgəsində çoxsaylı xainlərin məlum olmasından sonra eşitdiyimiz iflicedici informasiyaların davamı olaraq gəldi. Deyə bilərsiniz ki, nə fərqi var, Xankəndi olmasın, Şuşa olsun, Şuşa olmasın, ala bilməyib 103 şəhid verdiyimiz balaca Talış kəndi olsun, fərqi var sizlər üçün? Artsaxın paytaxtını  Ağdam  elan etsəydilər nə olasıydı ki? Uzağı Şuşanın icra başçısı  Bayram Səfərov  kimi Ağdamın icra başçısı da qıjanajaqdı  ki, “erməni ağ eləyir, bu beynəlxalq qanunlara ziddir”. Adama deyərlər ki.., “torpağında oturmuşam ee.., beynəlxalq qanunu “eləyən” yoxdur, kişisən , gəl torpağını al”. Bu söz təkcə adıçəkilən başçılara aid deyil, bu, mənə də aiddir, bu, Azərbaycanın bütün kişilərinə aiddir! 
Şuşanın paytaxt elan edilməsinə münasibət bildirən ekspertlər, millət vəkilləri, partiya rəhbərləri elə bil Marsdan gəliblər, reallıqdan xəbərləri yoxdur.  Politoloq kimi təqdim olunanların  şərhlərinə diqqət edin: “Şuşanın alınması planının Sərkisyan tərəfindən hazırlandığını  bir qrup erməni zabitləri etiraf etmiş və hesab edirik ki, bu, Sarkisyan üçün ciddi ittihamdır, beynəlxalq tribunal gələcəkdə Sarkisyandan hesab soracaq ”. A kişi, sabah müharibə olsun, məni və hansısa bir Azərbaycan vətəndaşını ittiham etsinlər ki, Xankəndini ermənilərdən alan bu şəxs olub. Nə mutlu bana! Tutun, ömürlük verin, öldürün, ittiham edin.., amma Xankəndini azad edək. Mən, sən, başqası azad etsin, amma etsin.., edək. Amma yox, bu bizim gücümüz deyil. Dostumuz Sultan Laçın ermənilərin Şuşanı paytaxt elan edidilməsi haqqında yazdığı xəbərin sonundakı "P.S. Azərbaycan bu məsələyə yalnız bəyanatla cavab verə bilər" fikri bizim real gücümüzün nədən ibarət olmasının aydın şəkildə izahıdır. Ölüm ayağında olmağın buynuzu olmur ha? Qarabağı düşmən alıb at oynadır, biz bəyanat veririk, bəzən də heç o bəyanatı da verə bilmirik, çünki elə bəyanat var ki, Rusiyanın xətrinə dəyər, axı himayədarın keyfinə dəymək olmaz.
Məni və Qarabağı düşünənləri başqa bir proses maraqlandırmır. Kim harda pul qazanıb, milyardları var, dövlət malını, əmlakını mənimsəyib, villalar, yaxtalar sahibidirlər,  nə bilim dünyanın harasındasa hansı əmlakın yiyəsidirlər... Bu sözləri təsadüfən demirəm, Azərbaycanda siyasilər  bir-birlərini  ölkənin bir nömrəli problemi  ilə, Qarabağla bağlı  aparılan  uğursuz siyasətə görə deyil, daha çox korrupsiyaya görə  ittiham edirlər. Yəni, siyasilərdən də umacağım yoxdur. Bəs Azərbaycan, bəs  Qarabağ? Bu yaxtalar deyil, villalar deyil, bu VƏTƏNDİR! Bu vətən üçün savaşarlar, ölərlər, öldürərlər! Vətəni düşmənə verib, necə yekə-yekə tədbirlər keçirmək olar? Bu tədbirlər Qarabağı qaytarmır ey, ay brat. Qarabağı qaytarmağın diplomatik və hərbi yolları başqadır. 
Qarabağda keçirilən hər erməni tədbirinə Sarkisyanın gəlib Şuşada şellənməsinə, hərbi parada baxanda bizim səlahiyyətlilər görəsən hansı hissləri keçirirlər? Ürəklərində fikirləşmirlər ki, "gələn ilki paradını burnundan gətirəcəm,  9 may günü elə vəziyyət yaradacam ki, başını çölə çıxara bilməyəcəksən, bir də həmin gün Yerevandan basa-basa Şuşaya gələ bilməyəcəksən”.  Belə çıxır ki, Qarabağ işğal ediləndən bu fikirdə olan yoxdur. Güc strukturlarımız  məskunlaşma yerlərində, elə Şuşada  bir dəfə güclü təxribat, dağıntı etsəydilər, bu gün Şuşanı paytaxt etmək ağıllarına da gəlməzdi. 
Nəsə, onsuz da ölkədə gərgin sosial-psixoloji durum hökm sürür. Tam rekviyemdir. O vəziyyəti bir-bir təhlil etsək, görərik ki, dəyərsizlik o qədər stimullaşdırılıb ki, dəyərə - Qarabağa kimdi dəyər verən?! Gələn il erməni paytaxtını  Şuşaya köçürəndə Şuşanın icra başçısı yekə bir bəyanat verər, bununla da iş bitər...



Ana səhifəyə qayıt        Baxış: 1 321          Tarix: 13-05-2017, 07:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma