Qiymət Məhərrəmli…. Düşünürəm ki, onun haqqında məlumat verməyə ehtiyac yoxdur. Filologiya üzrə fəlsəfə doktoru, AMEA Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü (1998), tədqiqatçı, publisist və şair Qiymət Məhərrəmli elmi, publisistik və ədəbi fəaliyyəti ilə elmi və ədəbi mühitdə, gözəl əməlləri ilə cəmiyyətimizdə yetərincə tanınıb, dərin mənalı poeziyası ilə ürəklərə yol tapıb.
Gənc yaşlarından yaradıcılığa başlayan 80-ci illərdən qəzet və jurnallarda çap olunan şairənin şeirləri sərhədlərimizidən kənarda - Türkiyə, İran, Almaniya, İsveç, Hollandiya, Gürcüstan, Qırğızıstan və Rusiyanın bir çox şəhərlərində - Moskva, Sankt-Peterburq, Sevastopolda da çap olunub. Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı ilə ədəbiyyat camiesinin diqqətini çəkən Qiymət Məhərrəmli haqqında "Ədəbiyyat qəzeti"ndə "Alt qat" adlı yazısı ilə ilə çıxış edərək ədəbi yaradıcılığına yüksək qiymət vermiş (1998), Xalq artisti Könül Xasıyeva Qiymət xanımın şeirlərindən ibarət "Könüldən-könüllərə" adlı muğam diski buraxdırmışdır (2011).
Qiymət xanımda tədqiqatçısı olduğu Azərbaycan tarixçisi, şair, şərqşünas və tərcüməçi Şahin Fazilin elmi yaradıcılığında olduğu kimi, elm və şairlik vəhdətdədir. O, hər iki istiqamətdə - elmi və bədii yaradıcılıqda uğur qazanıb. “Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” mövzusunda dissertasiya yazaraq alim adını alan Qiymət Məhərrəmli, həm də ədəbi aləmdə tanınan, oxunan və sevilən şairlərdəndir. O, sözün dilini bilir, sözlə oynamağı, sözə məna yükləməyi, sözün nazını çəkməyi bacarır. Filologiya elmləri doktoru, mərhum Fazil Şahinin təbirincə desək, - “sözşünas”dır:
“Mən sözşünasam, söz ki, bu dünyanı tutubdur,
Qəlbin gözü hər sözdəki mənanı tutubdur.
...Alim o kəsə söylə ki, elmində ziya var
Aşiq o kəsə söylə ki, sevdanı tutubdur” (Fazil Şahin).
Nə hər insan alim, nə hər insan şair ola bilməz. Bu sözün bir də astar üzü var. İnsan alim də ola bilər, şair də, hər ikisindən də çətini insan olmaqdır. Qiymət xanım Məhərrəmli alim kimi alim, şair kimi şair, insan kimi insandır. Biz də yazımızda tədqiqatçı və şairə Qiymət Məhərrəmlinin poeziya qalasının qapısını döyməyə, ruhuna aşina olmağa, anlamağa və yaxından tanıdığımı sandığım, çox-çox sevdiyim bir xanımın şeirlərini oxuduqdan sonrakı duyğu və düşüncələrimizi anlatmağa çalışacağıq.
Bir şairənin poeziya qalasına daxil olmaq, o müqəddəs və mübhəm qalada gəzmək, oradakı hisslərlə nəfəs almaq, duyğularına tərcüman olmaq o qədər də asan deyil. Poeziyasının sehrinə düşüb, Qiymət xanımla onun poeziya qalasını - mənəvi aləmini - iç dünyasını gəzdikcə, onu yenidən kəşf edir, onunla yenidən tanış oluram. Və yenidən tanış olduğum Qiymət Məhərrəmliyə yenidən vuruluram. Şairənin misralarında inikas edən, “Yaşadandır, yaradandır, qurandır”, - deyə təqdim etdiyi “müqəddəsdən müqəddəs” iç dünyasına boylanıram:
Yaradandı, yaşadandı, qurandı,
Məsləkimin keşiyində durandı.
Müqəddəsdən müqəddəsdi, Qurandı –
Dünyam mənim, dünyam mənim, iç dünyam!
Bu dünya şairənin “ümidgahı”, “səcdəgahı”, “hər ərkini ər kimi qəbul edən keçilməyən qalasıdır”, yalnız özünə məxsus sirli dünyasıdır, ümidlərinin, arzularının baş-başa verib yaşadığı, mübhəm pıçıltılarını söylədiyi “iç dünyasıdır:
Keçilməyən bir qalamdır – Ərg kimi,
Ümidgahım, səcdəgahım – pir kimi!
Qəbul eylər hər ərkimi – ər kimi
Dünyam mənim, dünyam mənim, iç dünyam!
Hədislərdə buyurur ki, "Allah gözəldir, gözəlliyi sevər”. Könlünü yola verən, “gözəli və gözəlliyi” əmr edənin yoluna yol gedən şairəni gücümüzün yetdiyi qədər bu mahiyyətdə tanımaq və tanıtmaq istəyirəm.
Yola verib könlümü,
Mən yola yol gedirəm.
Durub kəsmə önümü,
Mən yola yol gedirəm.
Yol və yolçu…Yol gedilmək üçündür, yetər ki, insan yolun fəlsəfəsini anlasın və yola qədəm qoysun. Bektaşilər şəriət qapısına "Bel oğlu”, təriqət qapısına "Yol oğlu”, mərifət qapısına "El oğlu”, Həqiqət qapısına "Hal oğlu” (Atam göy, Anam Yer”) demişlər. Şəriətə qədəmlə başlanan yolun sonu mənəvi müstəvidə Allaha - Həqiqətə çatmaq, "Həqiqət isə başdan-başa heyrətdir" (Xacə Abdullah Ənsari).
Yol insanı haqq qapısına - Həqiqətə götürür. "Min yol insanı azdırır, bir yol həqiqətə aparır” (J.J.Russo). Şairə onu həqiqətə aparan yola yol gedir və bu yolda “başdan keçməyə” hazırdır:
Qayadan, daşdan keçib,
Qohum-qardaşdan keçib,
Lap elə başdan keçib,
Mən yola yol gedirəm.
“Başdan keçib yola yol gedən” Qiymət xanımın misralarına bürünərək düşüncələrə dalıram. Yadıma Kamal Abdullanın Nəriman Əbdürrəhmanlının "Yolçu" adlı romanı haqqında yazdıqlarını oxuyanda keçirdiyim hisslər düşür. "Yol" mənim üçün xüsusi isimdir”, - deyən yazıçının sözləri sankı yerdən göyə ucalan bir yola dəvət idi. O yazır: “Bir dəfə yazmışdım: "Yol" mənim üçün xüsusi isimdir”. Bununla demək istəməmişdim ki, gör mən Yolu necə gözəl sevirəm. Yox, əslində, Yol məni üzən bir reallıqdır. Yola düşənədək min bir əzab içində oluram, az qala dərd çəkirəm. Yola düşmək çətin olur, qıvrılıram, vaysılanıram, daha hansı bicliklərə əl atmıram ki, Yol məni çəkib aparmasın. Olmayanda olmur, bir də görürsən yolçuya dönmüsən, gedirsən.
Hara? Niyə? Nə üçün? Bizə elə gəlir ki, biz bunun cavabını bilirik. Əslində, bilmirik, bunu bilmək nəsibimiz deyil. Nə yaxşı ki, deyil. Əslində, təkcə Yol yox, cavabını bilmədiyimiz mətləblərin hamısı bizim üçün xüsusi isim olmalıdı”.
Cavabını bilmədiyimiz (bəlkə də bildiyimiz?!) mətləblərin cavabını tapmaq, Həqiqətə gedən yola yol gedən şairə bu səfərin sonsuzluğundan xəbərdardır:
Bir görünməz pərdəyəm,
Hələ tumam, çərdəyəm,
Bir sonsuz səfərdəyəm,
Mən yola yol gedirəm.
Qiymət xanım yola, onu “Ucalardan uca”ya götürən yola yol gedir. Yola yol gedən şairənin hər addımında yaşadığı hisslər misralarında inikas edir. Vaxtı ilə Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Əvvəlini bildiyim uzun bir səfərdəyəm, / Özüm özüm üçün də gizlicə bir pərdəyəm. Yolun başlanğıcından yolun sonu görünmür”. Və ya Xalq şairi Sabir Rüstəmxanlının “Bir pərdəyəm tаrdаn gizli,/ Bir istəyəm yаrdаn gizli... / Göydən gizli, yerdən gizli. /Sirrim bu аğ vаrаqdаdır”, - misraları və s. Göründüyü kimi, hər iki Xalq şairinin də əvvəl-son, yer-göy, gizli-aşkar, yol-yolçu və s. haqqındakı düşüncələri misralarına hopub. Qiymət Məhərrəmlidə də bu belədir.
“Nəsimini düşünərkən” yazdığı “Dünya yaşar məndə” şeirində şairə, “Haqq səsinin sorağı ilə yollara düşdüyünü” bir daha bəyan edir:
Düşdüm yolların ağına,
O haqq səsin sorağına.
Yetişdim cənnət bağına,
Uçub getdi ruh bədəndən.
Mələklərlə qoşalaşdım,
O cənnəti çox dolaşdım.
Hey saflaşdım, billurlaşdım,
Haqq badəsin içən gündən…
Akademik Kamal Abdulla yazır ki, “Ruhunda Yol məzmununu daşımayan mətn yoxdur. Məncə, belə bir mətn ola bilməz. Yol barədə olsa da, yollçuluqdan bəhs və nəql etsə də, etməsə də. Mətn də adam kimi yol gedir, yaxud yol ilə gedir. Sən mətni anlamaq üçün ilk öncə onun getdiyi yolu anlamalısan. Ya mətn səni yola gətirir, ya da yol səni mətnə”.
Qiymət xanımı və şeirlərini anlamaq üçün onun getdiyi yolu, “mətnin onu yola gətirdiyini”, yoxsa “yolun onu mətnə gətirdiyini” anlamağa çalışıram. Yola yol gələn şairənin “bu dünyadan oğurlanıb, Allaha dair olduğu” gecələri, bu gecələrdə şair olduğunu” şeirlərində izləyirik. “Yol yola yol gələn”, “Tanrı qapısına elçi düşən” yolçunun mətnlərinin “bu dünyadan oğurlanıb, Allaha dair olduğu gecələrdə yarandığına əmin oluruq:
Gecələr üzümə gün doğar,
Gecələr şair oluram.
Bu dünyadan oğurlanıb,
Allaha dair oluram.
Tanrım, məni qəbul eylə,
Qapına elçi düşmüşəm.
Eni-uzunu bir qarış
Ömrümə ölçü düşmüşəm.
Üzü “əvvəlin sonuna”, hətta sondan o yana olan qapıya” olan şairə “qeybdən gələn bir səsin harayına tələsir. “Gündüzlər söz yığan şairə, “gecələri yol ölçür”. O yolda işıq var, o yolda nur var. O yol Haqq yoludur:
Tələsirəm harayına bir səsin,
O səs məni görən hara səsləyir?
Yol uzaqmı, yol yaxınmı - kim bilir
Qulağıma qeybdənmi səsə dəyir?!
Varlığına şübhəm yoxdu bir gilə,
Hər zərrəmdə qövr eyləyir səs kimi.
Ona doğru hey can atır varlığım, -
Əl çatmayan, ün yetməyən Kəs kimi!
“Ədəbiyyatı həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkan” adlandıran professor N.Şəmsizadə (Ruhu şad olsun!) yazır ki, “İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır”. Bu məkanın sahibləri söz, ədəbiyyat adamları, şairlər və yazıçılardır. Nə yazıçı olub romanlar yazmaq, nə də şair olub şeir yazmaq o qədər də asan loxma deyil. Lakin unutmayaq ki, yaradıcı insanlara İlahidən bir qüvvə - istedad verilir. Hər kəs bir şeylər yaza bilər, amma hər kəs şair ola bilməz. Şair var ki, Allahın aynaları olan təbiətin: dağların, qayaların, çayların, ağacların, güllərin sözlə rəsmini çəkir. Şair var ki, güzgülərdə gördüklərinin mahiyyətini açmaq istəyir. Yəni şairlik sənət böyük sənətdir. Şairə dünya, aləm, təbiət haqqındakı düşüncələrini şeirinin misralarına pıçıldayarkən özünə və sözünə söykənir:
Yaradanım, pirimtək,
Gövhər olmaz şeirim tək,
Öz dirəyim, tirimtək
Dizimə söykənmişəm.
Həqiqətim, görçəyim,
İncim, dürrüm, göyçəyim-
Sözdür mənim söykəyim,
SÖZümə söykənmişəm.
Şairin söykənəcəyi ən etibarlı sütunu sözdür. Sözün dilini bilmək, sözə fəlsəfi məna yükləmək onun çəkisini daha da artırır. Bu şairin təfəkkürünə, etiqadına, elminə, intellektinə dayanır. “Söz qəlbdən gəlməli, lakin şüurla, düşüncə ilə idarə olunmalıdır. Poetik söz dəli kimidir...” Poetik söz bəzən də dərdli kimidir:
dağın dağ dərdi varsa,
düzün də düz dərdi var.
dərdsiz bəşər görmədim,
hər kəsin öz dərdi var.
Doğrudan da, dərdsiz adam varmı dünyada? Belə vaxtlarda uşaqlıqdan anamın söylədiyi və şüuraltıma həkk olunan atalar sözləri, nağıllar, dastanlar, rəvayətlər yadıma düşür. Anam deyirdi ki, “Bir gün bir dəli məscidə gəlir. Oradakı adamlara uzun-uzadı baxır-baxır, çıxıb gedir. Bir az sonra kürəyində böyük bir odun şələsi ilə geri dönür. Görür məscid əhli artıq namaza başlayıb. O da kürəyində odun şələsi namaza durur. Namaz bitdikdən sonra məsciddəki şeyx ondan nədən kürəyində odun şələsi ilə namaz qıldığını soruşur. O da cavabında deyir: “Mən içəri girib hamınıza baxdım. Hər kəsin kürəyində ağır yük gördüm. Düşündüm ki, mən də kürəyimə yük almalıyam. Odur ki çıxdım və kürəyimə odun şələsi alıb qayıtdım”. Hər kəs bir-birinə baxır. Dəli bir-bir onlara kürəyində gördüyü yükü anladır. Onlara, kimisinin kürəyində övlad yükü, kimisinin kürəyində keçim dərdi, kiminin kürəyində yaşlı bir qadının yükünü gördüyünü söyləyir. Hər kəs donub qalır. Çünki o haqlı idi. Kimisi xəstə yatan anasının, kimisi xəstə uşağının, kimisi də evə alacağı çörəyin fikrini edirdi. Qiymət xanımın nümunə verdiyimiz misralarında olduğu kimi: “dərdsiz bəşər görmədim, “hər kəsin öz dərdi var” və ya dərdsiz insan yoxdur. Və bu dərd dünyada dinlərlə, irqlərlə bir-birindən ayrılan bütün insanlarda eynidir:
ölənin qəbir dərdi...
qalanın səbir dərdi...
ağlayanın bir dərdi...
gülənin yüz dərdi var...
Şairə “Naşıdı ürəyim” şeirində də eyni duyğuları dilə gətirir:
Bu qar nə tez yağdı belə,
Üşüdü ürəyim, üşüdü...
Çəkdiyimi şələ-şələ
Daşıdı ürəyim, daşıdı...
Yaralıdı sözüm dərin,
Dözümümdən dözüm dərin.
Bu dünyanın dərdlərinin
Yaşıdı ürəyim... yaşıdı...
Şairlərin silahı da, əsası da sözdür. Şairlər düşüncələrini sözlə yoğurub qələmlə yazdığı kimi, rəssamlar rənglərlə yoğurub və fırça ilə çəkirlər. Rənglər olmasa, rəssamın fırçası, söz olmasa, şairin qələmi sehrini itirər. Boşuna demirlər, söz bəşəriyyətin anasıdır. Ancaq sözün dilini bilmək, sözlə davranmağı bacarmaq, mahiyyətini dərk etmək lazımdır. Şah İsmayıl Xətai deyir ki, “Sözünü bir söyləyənin / Sözünü edər sağ bir söz. /Pir nəfəsin dinləyənin/Yüzünü edər ağ bir söz”.
Və ya
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Şairənin aşağıdakı misralarında ifadə edilən məna, Xətainin: “Söz var ki, kəsdirər başı, / Söz var ki, kəsər savaşı”, - sözləri ilə eyni mahiyyət kəsb edir. Qiymət xanım yazır:
kimi sözün acıdı,
kimin sözü acıdı.
kimi söz əlacıdı,
kiminsə söz dərdi var.
Sözlərinə böyük məna yükləyən şairə sözlə çox ehtiyatla, böyük məsuliyyətlə davaranır. Bunu insanlardan da gözləyir, onları söz işlədərkən ehtiyatlı olmağa çağırır:
Qiymət, bu dünyada boyasız dolan,
Şərdən uzaqda gəz, xeyirə calan.
Söz olar insanı qiymətdən salan,
Qoy səni ucaltsın söz gözəlliyi.
Bəzən düşünürəm ki, həyat dediyimiz şey başdan-başa insan hekayəsidir. Kimisi öz hekayəsini yazır, kimisisi digərlərinin yazdığı hekayələri oxuyur. Təbii ki, buraya zamanın da öz ağ-qara hekayəsi əlavə olunur. Əslində, hər kəsin yazdığı elə onun öz həyat hekayəsidir. Kimliyinin, xarakterinin təqdimidir. Ümidləri, arzu və istəkləridir. Qiymət xanımın “Mən başqa cür yaşamağı bacarmadım” şeirinə - həyat hekayəsinə nəzər salaq:
Bir az dəlisov kimiyəm,
bir az sakit, üzüyola...
Gecə-gündüz yol gedirəm
taleyimin saçlarını yola-yola.
Həyat hekayəni yazmaq, sənə cızılan ömür yolunu getmək o qədər də asan deyil. Bu yollarda gəzən insan nə qədər maneələrlə, döngələrlə rastlaşır, bəzilərini aşmağa boyu çatmır, bəzilərinə isə gücü. Bütün bunlara rəğmən paralelində sevgi və ayrılıqlarla, sevinc, kədər və həsrətlə qol-boyun yeriyir:
Təlatümlü dəniz kimi çırpınıram, döyünürəm,
Bir gülümsər üz görəndə uşaq kimi söyünürəm.
Geyinirəm bu dünyanın qəm kürkünü əynimə də,
Tərəzinin əzab yükü, həsrət yükü, möhnət yükü
ağır olub, düşüb mənim çiynimə də....
Yəni həyat dediyimiz ömür yolu hər zaman hamar olmur, bəzən də insan özü hamar yolu seçmir. Bu yolu getməyə, yaşananları çəkməyə, dözməyə güc, təpər lazımdır. Şairə də hamar yolu bəyənməyənlərdəndir:
Yol gedirəm gecə-gündüz...
Yol var – eniş...yol var – yoxuş...
yol var – dümdüz...
Mən bu yolun hamarını bəyənmədim,
hər kəs geyən libasları geyinmədim.
Düşünürəm ki, duyğusuz, ürəksiz yaşamağı bacarmamaq insanın özünə verdiyi bir cəzadır. Amma kim necə formalaşıbsa, eləcə də yaşayır, alçalaraq yüksəlməkdənsə, yüksəlməməyi tərcih edir. Dünyaya hansı üzlə gəlibsə, onunla yaşayır, nə üzünə üz tutmur, nə də “astarı üzə, üzü astara dəyişməyi bacarmır”. Bu, şərəflə yaşamaq şəxsiyyətlərin seçimidir. “Ağca rəngli kağızlara /Yeddi rəngli qələmlərlə /yazılmağı bacarmayan”, “rəngbərəng, /alabəzək, /puç dünyaya/ yovuşmayan” Qiymət xanım da bunlardan biridir:
Mən duyğusuz,
mən ürəksiz yaşamağı bacarmadım,
Çox sürtülü üzlər görüb, üz olmağı bacarmadım,
Ağca rəngli kağızlara
Yeddi rəngli qələmlərlə yazılmağı bacarmadım,
Həm astar, həm üz olmağı bacarmadım.
... Bax, beləcə yol gedirəm gecə... gündüz...
Yol var – hamar... yol var – kəsə... yol var – dümdüz...
Şairə həyat yollarını addımladıqca daha da mətinləşir, saflaşır. Deyirlər ki, susuz həyat yoxdur və bu həyatda ən saf şey sudur. Doğrudur, Amma su da torpağın qatlarından keçərək saflaşıb durulur. Yola yol gedən şairə də durulanır, saflaşır. Çünki o, ruh adamıdır: Çünki onun üzü Haqqa sarıdır.
Bir bulaqdan su içdim,
İçdim də... durulandım.
Tozanaq yoldan keçdim,
Keçdim də... durulandım.
Tövbəsiz günahları,
Dildən qopan ahları,
Çox görüb... sabahları
Seçdim də... durulandım.
Yolum çiskin-dumanlı,
Günüm ahlı-amanlı,
Oldum Haqqa gümanlı,
Heçdim də... durulandım.
Anamdan uşaqlığımızda dinlədiyimiz hekayələrdən biri də ruh haqqında idi. “Deyilənə görə, Allah yaratdığı canlıları, cansızları, dənizləri, dağları, okeanları, heyvanları və insanı çağırır. Ruhu əmanət olaraq onlardan birinin götürməsini istəyir. Nə canlı, nə də cansızların heç biri qorxudan ruhu əmanət olaraq götürməyə cəsarət etmir. Dağın, dənizin, okeanın götürməyə qorxduğu ruhu əmanət olaraq insan götürür”. Sonralar öyrəndim ki, bu hekayə müqəddəs kitabımız olan “Quranı Kərim”in əl-Əzhab surəsində keçir.
Ruh adamı, mənəviyyat adamı olan Qiymət xanım Məhərrəmli ruhun Allahın insana əmanəti olduğunu, insanın Allahın əmanəti olan ruha xəyanət etməməli olduğunu bilir. O, Allahın əmanəti olan ruhu ölməmişdən haqqa yetişmək, əmanəti sahibinə çatdırmaq arzusu ilə yaşayır. Ruhun ölməzliyinə inanır. İnanır ki, ruh hər zaman diridir. Ruh yaşayırsa, bu dünyaya bir də gəlmək və bu dünyadan bir də getmək var. Heç nə son deyil. Son bir başlanğıcdır:
Könlüm, məni haqqa yetir,
Ruh ölməmiş yerdən götür.
Bu dünyaya bir də gətir,
Bu dünyadan apar bir də.
Sonda, ruhunuza əhsən, Qiymət xanım! - deyib, dəyərli alim və gözəl şairəmizə elmdə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıram!
Paylaş:



























