Xəbər lenti

 
 Aşıq Cahangir Quliyev 1960-cı il aprelin 4-də Gədəbəy rayonunun Şınıx mahalının Çayrəsullu kəndində aşıq Sənanın ailəsində dünyaya gəlib. Saz çalmağı atasından öyrənib. Böyük istedada, məlahətli səsə, şirin ləmisə sahib olan aşıq Cahangir klassik havaları mükəmməl çalıb oxumaqla yanaşı, həm də mahir dastançı aşıqdır.
Ovqat.com aşıq Cahangir Quliyevlə söhbəti oxuculara təqdim edir.


-Aşıq ailəsində doğulmusunuz. Şübhəsiz sizin evə o dövrün tanınmış aşıqlarl gəlib-gedib. O illəri, ümumiyyətlə kimləri xatırlayırsınız?

-Əlbəttə, mən aşıq ailəsində dünyaya göz açmışam. Xoşbəxtliyimdi, taleyin mənə verdiyi xoşbəxtlikdı ki, gözümü sazla açmışam. Əvvəla onu deyim ki, Allah bütün keçənlərə rəhmət eləsin, anam yadımdadı. Uşaqların böyüyü mən idim, məndən sonra dörd qardaşım dünyaya gəlib. Məndən sonra onların böyüməsi gözümün qabağındadı. Uşaqlar ağlayanda anam sazı götürərdi, anam saz çalan deyildi, sazın simlərini tərpədərdi, əlini toxundurardı sazın simlərinə, uşaqlar kiriyərdi. Mən də ağlayanda elə sazın səsi ilə kirimişəm. Qaldı ki, o sənətkarlara, mən o sənətkarları gördüm. Azaflı Mikayılı gördüm, aşıq Əkbəri gördüm. Aşıq İmranı, aşıq Kamandarı gördüm. Aşıq Hüseyn Saraclını gördüm. Aşıq Avdını gördüm. Aşıq Sədi Abbasov vardı, onu gördüm, aşıq Mahmuda qulluq elədim üç il, aşıq Kamandara qulluq elədim. Yəni onların qulluğunda dayandım , bir ustad, bir ata kimi. Ustad elə bir növ ata deməkdir. Allahın xoşbəxtliyidir ki, gözümü açdım, elə sənətkarları gördüm. Yenə də deyirəm , biri var görmək, biri də var onlarla bir yerdə çalışmaq. Mən onlarla konsertlərdə oldum, hətta toylarda oldum. Zehnimin gücü çatan qədər onlardan öyrəndim, görüb-götürdüm. Deyir, aşığın bilmədiyini ayağının altına qoysan, başı buludlara dəyər . Mən də gücüm çatan qədər onlarda olan ədəb-ərkandan götürdüm.

-“Aşıq olub, tərki-vətən olanın.
Əzəl başdan pür kamalı gərəkdir”. 
Siz necə düşünürsünüz, aşıq necə olmalıdır?

-Mən özüm aşıq olduğum üçün demirəm, aşıq ədəb-ərkanlı olmalıdı. Aşıqlıqda bir çox elmlər cəm olubdu. Birinci, aşığın ilahi tərəfindən verilən səsi və yaddaşı olmalıdı. İkinci, nitqi olmalıdı. Ondan sonra sazı öyrənməlidi. Aşığın başqa köməyi yoxdu. Dədə Qorquddan görmüşük. Dədə Qorqudun nəyi vardı? Nə balabanı vardı, nə zurnası vardı. Bir qopuzu vardı. O, qopuzla götürüb nə deyir: Torpağı qorumursansa, əkməyə dəyməz, əkmirsənsə qorumağa dəyməz. Aşıq bayaq söylədiklərimi cəm eləyəndən sonra gözəl saz çalmalıdı, gözəl oxumalıdı. Aşığın bildikləri eldən gəlir, aşığa deyirlər el aşığı. Aşıq elin köynəyindən çıxmalıdı. Bu mənim sənətimdi , dağda çobanlar üçün çalıb oxuyuram. Arana enəndə də ağalar- bəylər üçün oxuyuram. Aşıq elə bir nov carçı olub, bu kənddə olan hadisəni gedib başqa bir kənddə çalıb oxuyub.
Abbas Tufarqanlı deyir ki, çoxu aşıqlığı asan şey sandı, cəfasını gördü, çox tez usandı. Aşıqlığın cəfası çoxdu. Gərək bunların hamısına dözəsən. Aşıqlıq məktəb qurtarmaqla deyil, bu sənətin xamırı elə yoğrulub ki, gərək ustada qulluq edəsən. Ustadın necə çay içdiyini götürəsən, ustad hansı məclisdə nədən oxudu, hansı məclisdə nədən danışdı , bunu öyrənəsən. Məsələn, mən elə məclisə gedirəm ki, o adamın iyirmi-otuz kitabı var, amma o, məni dinləyir. Mən onun sözlərini oxuyuram, el-obaya yayıram. Belə deyək də, Növrəs İmandan söhbət edirsən, Borsunlu Məzahirdən danışırsan, şair Nəbidən, şair Ağacandan danışırsan, belə deyək də, millət onları hələ oxumayıb. Aşığın vəxifəsi odur-millətə çatdırsın bunları.

-Çox yerdə olmusunuz, çox yerlər görmüsünüz. Dərbənddə, Təbrizdə olmusunuz. Rusiyanı gəzmisiniz. Bu dünya aşıq gözündə necə görünür?

-Mən Avropanı gəzmişəm, Avropanın bir çox şəhərlərində olmuşam. Riqada oldum, İsveçdə oldum, Almaniyanın bir çox şəhərlərində oldum. Ordakı soydaşlarımızla təmasda oldum, görüşdük. Sazla öz dərdlərimizi bölüşdük. Mən arzu edirəm ki, bayaq dediyim kimi:
 “Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı”.
 Bu mənada xaricdə yaşayan bütün soydaşlarımıza arzum budur ki, tezliklə vətənə qayıtsınlar. Mən hər yerdə öz millətimi, öz torpağımı, öz kimliyimizi göstərmək istəyirəm ki, mən hansı millətə mənsubam. Mənim babalarım kim olublar. Bu sənət, adamları sülhə, əmin-amanlığa səsləyir. Sazı duyan hər kəsin mən hələ görməmişəm ki, kiminsə toyuğuna daş atsın. Biz saza bağlandıqca saflaşırıq,

-Sazı sinənizə qaldıranda özünüzü dünyanın neçənci qatında hiss edirsiniz?

-Saz mənim dünyamdır. Mən sazı sinəmə qaldıranda özümü dünyanın bütün qatlarında hiss edirəm, tək bir qatında yox. Hər bir havada, hər ləngərdə özümü o qatlarda hiss edirəm. Avropaya gedəndə dedilər ki, orada bizim gözəl bir qardaşımız var-şair Xəqani Qayıblı. Orada yaşayır. Biz onunla fəxr edirik. Borçalının Qaraçöp mahalındandır. Orda- Estoniyada Prezident yanında tərcümandır. Allah ona cansağlığı versin. Dövlət tərəfindən keçirilən bütün tədbirlərdə iştirak edir. Dediyim odur ki, orada dedilər ki, bir aydan sonra bura daha gözəl olur, hər yan yaşıllaşır. Dedim ki, mən özüm bu saat bu ağaclara, təbiətə öz gözümlə rəng verirəm. Mənim bu sözlərim onlara xoş təsir göstərdi. Ona görə deyirəm ki, mən özümü dünyanın hər qatında, təbəqəsində hiss etməyi bacarıram.

-Haqqınızda film çəkilib. O filmdəki qadın xəyallarınızın qadınıdır, ya gerçəkdir?

-O filmin çəkilməsi təqdirəlayiq haldır. O filmin araya, ərsəyə gəlməsində Vüqar Tapdıqlının böyük əməyi olub. Aztelefilmin direktoru idi . Mən yenə təşəkkür edirəm. O filmin çəkilişində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. O filmdə bir fikir var: “Mən “Mansırı” havası çalıram, Bu hava əzəmətli , ləngərli, düşündürücü havadı. Bu hava insanı dünənə aparır, bu gününə qaytarır, sabaha səsləyir”. Bu film dağılmış yurdlarla bağlı bir filmdir. Ordakı qadın rolunu Gənc Tamaşaçılar Teatrının aktyoru Məlahət Əhmədova ifa edir. Çox da gözəl-göyçək qadındır. Amma o, filmdə elə qrim edilib ki, müharibə onun üzündən hiss edilsin. Filmdə fikir budur: mən sübh tezdən malı-qoyunu çölə ötürüb qayıdıram. Gəlib görürəm ki, kəndi yandırıblar. Kənd tüstülənir. Həyat yoldaşımdan soruşmaq istəyirəm ki, nə oldu bu kəndə. Amma bu xanım da artıq yoxdur. Onu da ermənilər öldürüb. Amma o qadın mənim gözümə görünür. Mən onun arxasıca qaçıram ki, soruşam: -Nə oldu, nə baş verdi, niyə bu kənd bu günə düşdü? Hətta çəkiliş vaxtı bir bayquş da gəlib ora qondu, uladı.
O filmdə də saz bizi mübarizəyə, yurdlarımızı qorumağa səsləyir. Bu gün hər kəs saz üçün nə edirsə, millətimiz üçün edir.

-Sazın sabahına necə baxırsınız?

-Bizdə əvvəllər də aşıqlar olub, bu gün mən varam, sabah da başqaları olacaq. Rəhmətlik Səməd Vurğun demişkən; “biz gəldi-gedərik, sən yaşa, dünya”. Bu sənət yaşayır. Bu sənəti qorumaq üçün bu gün gərək bizi qorusunlar. Gərək mən yaşayım ki, saz da yaşasın. Məni qiymətləndirəndə geridən gələn nəsil görür ki, bu sənətə qiymət var. Zəhmət çəkməsən, bəhrəsini görməzsən. Qoy, bütün zəhmət çəkənlər bəhrəsini görsünlər.
Əsl igid yad ellərə sığınmaz,
Dəmir ilmə daş-diləksiz toxunmaz,
Mənim dərdim özgə dildə oxunmaz,
Oxu bala,
 oxu, mənim dərdimi.
Bütün dərdlərimizi deyən sazdı. Allah uzaq eləsin, dərd verməsin heç kəsə.

-Siz həm də yaradıcı aşıqsınız. Bu günlərdə yeni kitabınız çap olunub. Bu barədə bir-iki kəlmə...

-Yaş ki, var, bir məqamı gələndə , fikir gələndə , mən demirəm ki, elə oturub şeir yazmaq istəyirəm, duyğudu, gəlir, yazırsan. Ola bilər ki, bir bənddi gəlir, yazırsan, bir müddət sonra görürsən ki , bir bənd də gəldi. Beləcə bir şeir yaranır. Bir divani demək istəyirəm:

Bilməmişəm, qədirbilməz canla canhacandayam,
Alışıban eşq odunda artıq yanhayandayam,
Beybafaya bel bağlama, söyləyibdi babalar,
Əlli yaşı ötürübən təzə qanhaqandayam.

Söz deyərdim sənəmlərə, inciməzdi sözümdən,
Söz anlayan, mətləb qanan yayınmazdı gözümdən,
Gözəlləri bəndə salan o gördüyün özündən,
Əsər-əlamət qalmayıb, özüm qanhaqandayam.

Ey Cahangir, demə daha hey yandırıb-yaxıram,
Dumduruydum bulaqlar tək, boz-bulanıq axıram,
Dayanmışam bir qılıncda köç yoluna baxıram,
Köçüb gedən gəncliyimi indi anhaandayam.


Qılınc bildiyiniz kimi, dağın yalına deyirlər. Yəni o qılıncda dayananda dağın o üzü də görünür, bu üzü də. Qoy, Allah-taala hamıya qocalıq qismət elsin. Hər yaşın özündə, qocalığın da özündə bir gözəllik var. Rəhmətlik Osman qağa( Osman Sarıvəlli nəzərdə tutulur) demişkən: «hər kəs yüz il yaşamasa, günah onun özündədi”. Allah hamıya ömür versin , sizə də gözəl günlər versin.

Söhbətləşdi: M.Tahir



Ana səhifəyə qayıt        Baxış: 2 093          Tarix: 22-04-2017, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma