Xəbər lenti

 Fransanın https://informations.handicap.fr/art-peintre-trisomie-alakbarli-989-9786.php saytında gənc, istedadlı rəssam Məryəm Ələkbərli və Parisdə mayın 4-də açılacaq “İntim portretlər” adlı sərgisi haqqında məqalə dərc olunub.

Məqalədə gənc rəssam Məryəm Ələkbərlinin “İntim portretlər” adlı sərgisini tamaşaçılara təqdim etmək üçün yenə Parisi seçdiyi vurğulanıb.

Azərbaycanlı gənc rəssam dünyaya fərqli baxışları ilə maraqlı, qeyri-standart ölçülü nadir əsərlərini bu dəfə Parisdə “Buci” qalereyasında nümayiş etdirəcək. 28 ildir bu qalereyada müxtəlif ölkələrdən olan və Fransanın tarixini, mədəniyyətini sevən sənətçilərin əsərləri nümayiş olunur.

Məqalədə qeyd edilib ki, istedadlı rəssam Məryəm Ələkbərlinin heyranedici əsərləri dünyanın bir çox ölkələrində sərgilənib. Dubayda, Moskvada, Romada, Riqada fərdi sərgiləri ilə sənətsevərlərin qəlbini fəth etsə də, Məryəmin ən çox sevdiyi şəhər Parisdir.

Məryəm kiçik yaşlarından musiqi və rəssamlıqla maraqlanıb. Bakıda incəsənət sahəsində ilk addımlarını atan Məryəm Ələkbərli bu sahədə təhsilini Moskvada davam etdirib. İstedadlı, gənc rəssam Paris Dekorativ ali məktəbinə, sonra İncəsənət ali məktəbinə üz tutub.

Məryəm Ələkbərlinin parlaq rənglərlə canlı modelləri və ya natürmortları kətan üzərinə köçürdüyü, həftə ərzində iki abstrakt və ya təsviri incəsənət əsəri yaratdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Məryəm Ələkbərlinin Sən-Jermən-de –Predəki “Buci” qalereyasında açılacaq “İntim portretlər” adlı sərgisi mayın 15-dək davam edəcək.

AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 1 141          Tarix: 1-05-2017, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma