Xəbər lenti
 
Kreml işğalçı ölkədə hansı parlamenti istəyirdisə, onu da aldı; Moskva bunu necə edə bilib - rusiyalı analitikin maraqlı şərhi var; Qarabağda bundan sonrakı hərbi toqquşmaların məsuliyyəti bütünlüklə “seçki qalibləri”nin üzərində qalır...

Ovqat com Musavat.com-a istinadla xəbər verir ki,  İşğalçı Ermənistanda kütləvi saxtakarlıqlarla keçən parlament seçkiləri ölkə parlamentindəki siyasi qüvvələr nisbətinə ciddi dəyişikliyə gətirmədi. Prezident Serj Sərkisyanın “müharibə partiyası” və daşnaklar yenə çoxluqda qaldılar. 5%-lik barajı aşmış digər iki siyasi qüvvə də sülh carçıları sayılmaz.

Bu, o deməkdir ki, qarşıdakı illərdə də Dağlıq Qarabağ məsələsində Ermənistandan ifrat radikalların səsi gur gələcək. Azərbaycanla təcavüzkar ölkə arasında böyük sülh anlaşması əlçatmaz olaraq qalacaq. Yeni müharibə riski artmaqda davam edəcək.

Bütün bunlar isə erməni xalqına heç şübhəsiz, yeni-yeni fəlakətlər gətirəcək, onun sosial-iqtisadi durumu daha da ağırlaşacaq, cəbhədən daha çox erməni hərbçisinin cəsədi gələcək. Kəsəsi, seçkinin “nəticələri”ni erməni xalqı tezliklə öz üzərində hiss edəcək. Bu barədə artıq tanınmış erməni siyasi xadimləri də xəbərdarlıq etməyə başlayıblar.

“Bizə onu gözləmək qalır ki, Ermənistan Respublikaçılar Partiyası, ”Çiçəklənən Ermənistan", “Daşnaksütyun” partiyası və “Çıxış” bloku pələng sıçrayışı ilə Ermənistan iqtisadiyyatını hansı yolla inkişaf etdirəcək, çoxmilyardlı investisiya axını ilə təmin edəcək, erməni ordusunu gücləndirəcək, artan emiqrasiyanı dayandıracaq və ən ciddi məsələni - xalqımızın qarşısında duran Qarabağ münaqişəsini həll edəcək". Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu sabiq prezident Levon Ter-Petrosyan ötən bazar ölkədə keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edərkən bildirib.

Keçmiş prezidentin sözlərinə görə, rəhbərlik etdiyi blok seçki prosesində Qarabağ məsələsinin tənzimlənməsi yollarını Ermənistan gündəminin ən aktual məsələsinə çevirməyə nail olub, hətta bunu onun opponentləri də inkar etmir. Eks-prezident qısa müddətdə blok tərəfindən “Sülh, barışıq, mehriban qonşuluq” şüarı ətrafında kütləviliyin təmin olunmasını da xatırladıb və deyib ki, bunun özü də inkişaf idi.

Onun sözlərinə görə, burada yalnız bir məqsəd olub. “Ermənistanda və Dağlıq Qarabağda artan kasıblığın və fəlakətin qarşısını almaq. Başqa məqsəd yoxdur. Əgər parlamentdə təmsil olunan qüvvələr bu bəlanın qarşısını Qarabağın varlığı şəraitində, bir qarış torpaq güzəşti olmadan almağa nail olarsa, biz onlara yalnız təşəkkür edəcəyik”, - deyə Milli Konqresin lideri qeyd edib.

Ancaq Ter-Petrosyan onu da əlavə edib ki, sülh indi lazımdır, sonrakı fəlakətlərdən və mənasız itkilərdən sonra yox. O, parlamentdəki yerləri bölüşdürən yeni tərkibə də xəbərdarlıq edib. Deyib ki, bundan sonra axan hər əsgərin qanı, sərhəddəki ölümlərin məsuliyyəti parlamentdə təmsil olunan siyasi qüvvələrin vicdanına yazılacaq.

Ermənistandakı son seçkiləri həm də Rusiyanın qələbəsi saymaq olar. Çünki məhz Rusiyanın xeyir-duası və birbaşa dəstəyi ilə, eyni zamanda nəzarəti altında Ermənistanın növbəti parlamentində də rusiyapərəstlər, qırğılar üstünlük təşkil edəcək. Necə deyərlər, Moskva indi nisbətən rahat nəfəs ala bilər. Seçkilərin nəticələri kontekstində bu və digər məqamlara toxunan rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsovun maraqlı şərhi var.

Musavat.com-un məlumatına görə, rusdilli vesti.az saytı üçün yazdığı məqalədə ekspert bu xüsusda yazır: “Serj Sərkisyanın ”Qarabağ klanı"nın iqtisadi kursu sayəsində bu gün Rusiyada çörəkpulu qazanan milyona yaxın Ermənistan vətəndaşı var. Onlar əsasən kişilərdir. Erməni qadınları, məlum olduğu kimi, adətən pul qazanmaq naminə fahişəlik eləmək üçün Yaxın Şərq ölkələrinə gedirlər. İlk baxışda bu adamlar indiki rejimin qatı əleyhdarları olmalı və müxalifətə səs verməli idilər. Ancaq bu, yalnız nəzəri cəhətdən belədir. Praktikada isə Rusiyadakı hər bir erməni könüllü gəlməsi Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmələrin keçmiş səhra komandirlərinin Ermənistanda qurduqları xuntanın sadiq və təməl kərpicləridir".

Tarixçi analitik fikrini belə əsaslandırır: “Çünki onların hər biri daimi və çoxqatlı, ciddi nəzarət altındadır. Bu da onların sərbəst şəkildə öz iradələrini bildirməyə imkan vermir. Söhbət ilk növbədə onları işlə təmin edən ermənidən gedir - hansı iş verənlər ki, korrupsiya telləri ilə Ermənistan və Rusiya hakimiyyətinə bağlıdırlar. Onların öhdəsində gəlmə erməniləri necə səs verməyə məcbur eləmək üçün yetərincə həm maliyyə, həm də güc rıçaqları var. Ermənistanın Rusiyadakı vətəndaşları həmçinin diaspor strukturlarının nəzarətindədir. Bu strukturlar isə bütünlüklə Kremlə və Serj Sərkisyanın simasında rəsmi İrəvana işləyir. Bundan başqa, diaspor strukturları erməni xüsusi xidmətləri vasitəsilə ciddi nəzarətdə saxlanılır - hansılar ki, Rusiya ərazisində, demək olar, açıq fəaliyyət göstərir. Bəzən heç anlamaq olmur ki, Rusiyadakı bu və ya digər erməni ictimai xadimi kimdir - xüsusi xidmət orqanlarının vəzifəli əməkdaşı, onların ideya havadarı və xəbərçisi, yoxsa sadəcə, asan pullar axtarışına çıxmış merkantil birisi. Nəhayət, unutmaq olmaz ki, Rusiyada çalışan hər bir Ermənistan vətəndaşı Rusiya Daxili İşlər Nazirliyində miqrasiya qeydiyyatında durur”.

Tanınmış rusiyalı ekspertin şərhindən də göründüyü kimi, əslində Ermənistandakı 2 aprel seçkilərini Rusiya keçirib. Yəni bu seçkilərin əsas qalibi gerçəkdən də Kremlidir. Moskva işğalçı ölkədə hansı parlamenti istəyirdisə, onu da aldı. Belədirsə, bundan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında baş verəcək hadisələrə görə Moskvanın məsuliyyəti də ikiqat artmış olur.

Başqa sözlə, bundan sonra həm müharibə risklərinin böyüməsi və genişmiqyaslı hərbi toqquşmaların baş verməsi, həm də cəbhədən çoxsaylı erməni hərbçilərinin cəsədlərinin gəlməsinə görə məsuliyyət bütünlüklə 2 aprel “seçkiləri”nin “qalibləri”nin vicdanına yazılacaq - Serj Sərkisyan başda olmaqla, “müharibə partiyası” və onun tərəfdarları ilə rəsmi Moskvanın vicdanına.



Ana səhifəyə qayıt        Baxış: 1 125          Tarix: 5-04-2017, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma