Xəbər lenti
 
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İsrail Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Alon Uşpizin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-dən APA-ya verilən məlumata görə, nazir müavini iki dövlət arasında münasibətlərin inkişafından məmnunluq ifadə edərək siyasi dialoqun əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib. Bu xüsusda o, baş nazir Benjamin Netanyahunun 2016-ci ilin sonunda Azərbaycana səfərinin münasibətlərin dərinləşməsinə təkan verməklə yanaşı, müqavilə-hüquq bazası, iqtisadi, humanitar, hərbi-texniki kimi əməkdaşlıq sahələrinin də genişləndirilməsi üçün çoxsaylı yeni imkanlar açdığını qeyd edib. X. Xələfov iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafından məmnunluq ifadə edərək, bu istiqamətdə qarşılıqlı fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.
 
A. Uşpiz İsrail və Azərbaycan arasında tərəfdaşlığın strateji xarakterdən də üst səviyyədə olduğunu deyib və bunun xalqlar arasında tarixən formalaşmış dost münasibətlər, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, xüsusilə də iki dövlətin siyasi liderləri arasında şəxsi əlaqələrin təzahürü olduğunu əlavə edib. O, iki ölkə arasında ticarət dövriyyəsinin artan tempinin məmnunluq doğurduğunu bildirərək, ikitərfli birgə komissiyanın bu istiqamətdə müzakirə və fikir mübadiləsinin aparılmasında mühüm platforma kimi çıxış edəcəyinə əminliyini ifadə edib.
 
X. Xələfov Cənubi Qafqaz regionunda interqrasiya və inkişafa başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verərək, 2016-cı ilin aprel döyüşlərinin Ermənistanın işğalçılıq niyyətindən hələ də əl çəkmədiyini və yeni ərazilərin işğalına, qaçqın və məcburi köçkün ordusunun yaranmasına səy göstərdiyinin göstəricisi olduğunu bildirib. A. Uşpiz Ermənistan-Azərbaycan münaqişəsinə dair İsrailin mövqeyinin dəyişməz olduğunu və İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 267          Tarix: 3-04-2017, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma