Ankara sentyabrın 25-də müstəqillik referendumunu keçirməyi planlaşdıran Şimali İraq kürd muxtariyyətinə növbəti dəfə xəbərdarlıq edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin baş naziri Binəli Yıldırım Ankara müqaviləsini xatırladıb.
“Bunu açıq şəkildə söyləmək lazımdır. Referendumun keçirilməsi barədə qərar Türkiyənin milli təhlükəsizlik məsələsidir. Türkiyə milli təhlükəsizliyə dair beynəlxalq və ikitərəfli müqavilələrin ona verdiyi hüquqlardan istifadə etmək qərarlıdır və heç bir tərəddüd etməyəcək. Bu müqavilələr Lozanna, Ankara və Türkiyə-İraq sərhədinin təhlükəsizliyi barədə razılaşmalardır”, - Binəli Yıldırım bildirib.
Qeyd edək ki, kürdlərin müstəqillik elan etməsi ilə İraqın bölünməsi Türkiyənin bu ölkəyə müdaxiləsini gündəmə gətirə bilər. 1926-cı ilin Ankara müqaviləsi Türkiyəyə bu hüququ verir. "Misaki-Milli” sərhədləri içərisində qalan Kərkük ilə Mosul 1926-cı ildə bağlanan Ankara müqaviləsi ilə ərazi bütövlüyünün saxlanılması şərti ilə tərk edilmişdi. İraqın ərazi bütövlüyü əsas götürülərək bağlanan müqaviləyə görə, bu gün İraqın parçalanması və bölgənin qanunsuz təşkilatların nəzarətinə keçməsi Türkiyənin hüquqlarını gündəmə gətirir.
Paylaş: