ABŞ gizli şəkildə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə daşınan zenit-raket kompleksləri verib.
APA-nın xəbərinə görə, bu barədə “Al-Masdar” agentliyi məlumat yayıb.
ABŞ hərbçiləri zenit-raket komplekslərini keçən həftə PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsinə çatdırıb. Zenit-raket komplekslərinin PYD/YPG-yə verilməsi ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılan beynəlxalq koalisiya ilə əlaqəsi yoxdur.
Bu silahlar ABŞ və PYD/YPG arasında ikitərəfli razılaşma əsasında terror təşkilatına verilib. “Al-Masdar” agentliyinin məlumatında qeyd edilib ki, zenit-raket kompleksləri Türkiyə ordusunun "Fərat qalxanı" əməliyyatı zamanı İŞİD terrorçularından azad etdiyi ərazidəki suriyalı müxaliflərə qarşı istifadə edilmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. İki gün əvvəl ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Dünən Türkiyə prezidenti ABŞ-ın Suriyada formalaşdırmaq istədiyi 30 minlik terrorçu ordunu məhv edəcəklərini bəyan edib.
Paylaş: