Eyni gündə İran prezidenti Məsud Pezeşkianla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Telefon danışığı zamanı Türkiyə lideri ölkəsinin mövcud gərginliyi azaltmaq üçün İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Siyasi analitiklər hesab edir ki, küncə sıxışdırılan İran xilasını Türkiyədən ciddi dəstək almaqda görür. Xarici işlər nazirinin Türkiyədə olduğu saatlarda prezidentin türkiyəli həmkarı ilə telefon danışığı aparması da bu fikri təsdiq edir.
Türkiyə İrana qarşı güc tətbiqinin əleyhinə olduğunu bəyan edib.
Ankara eyni zamanda bununla kifayətlənmir. Məlumatlara görə, Türkiyə ABŞ ilə intensiv diplomatik danışıqlar içərisindədir və bütün gücü ilə İrana hərbi müdaxilənin qarşısını almağa çalışır.
Siyasi təhlilçilərin qənaətincə, İrana hərbi hücum planının ölkəni kütləvi etirazlar bürüdüyü və etirazçılar gülləbaran edildiyi zaman həyata keçirilməsinin qarşısının alınmasında məhz Türkiyənin ABŞ ilə apardığı danışıqlar və ərəb ölkələriylə birlikdə ünvanladığı müraciətin əhəmiyyətli təsiri olub. Tehran Ankaranın “ətəyindən” ona görə yenidən bərk-bərk yapışıb.
Türkiyə bu dəfə də İrana hücum planının qarşısının alınmasına nail ola biləcəkmi?
Siyasi şərhçi Əli Orucov bildirib ki, Türkiyə ABŞ-nin İrana mümkün hərbi hücumunu ləngidə və miqyasını daralda bilər.
Bunun üçün Türkiyənin əlində müəyyən imkanlar var:
“Birincisi, ABŞ üçün Türkiyə İncirlik hərbi bazası, NATO infrastrukturu, Qara dəniz–Yaxın Şərq keçidi baxımından kritik tranzit ölkədir. Ankara bu imkanları məhdudlaşdırarsa, ABŞ alternativ marşrutlara daha çox ehtiyac duymağa məcbur qalaq. Bu isə əməliyyatın daha bahalı, daha riskli olması deməkdir. Ankara diplomatik müstəvidə “müharibə regional partlayışa səbəb olar” arqumenti ilə çıxış edir ki, bu da Avropa ölkələrinin tərəddüdlərini daha da möhkəmlədə və Avropa ölkələrinin də ABŞ-nin İrana hərbi müdaxiləsinə qarşı daha açıq çıxış etməsinə gətirib çıxara bilər. Beləliklə, ABŞ-yə təzyiq artar.
Qeyd olunan amilləri və digər məsələləri nəzərə alsaq, hesab etmək olar ki, Türkiyənin İrana qarşı müharibə planına mane ola bilməsi mümkün variantlardan biridir. Uzun müddət qarşısını ala bilməsə belə, bir müddət üçün ertələnməsini təmin edə bilər”.
Paylaş:




























