ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) direktoru ilk dəfə olaraq aparıcı senatorlara səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlilə bağlı birbaşa məlumat verəcək.
Gina Haspelin Senat liderləri ilə dekabrın 4-də görüşəcəyi gözlənir. Bundan öncə konqresmenlər onun jurnalistin ölümünə dair qapalı iclasa gəlməməsindən, həmçinin Prezident Donald Tramp administrasiyasının məsələyə reaksiyasından qəzəblərini ifadə etmişdilər. Haspel Senatın respublikaçı və demokrat liderləri, əsas milli təhlükəsizlik komitələrinin sədrləri və aparıcı senatorları ilə bir araya gələcək.
Xatırladaq ki, Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.
“The New York Times” və “Wall Street Journal”ın son günlər yaydıqları məxfi informasiyalarda Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalisti qətlə yetirmiş dəstəyə birbaşa bağlılığı iddia olunur.
Senatorlar Səudiyyənin cəzalandırılmasına çalışırlar, Birləşmiş Ştatların ər-Riyadın Yəməndəki müharibəsinə dəstəyini məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
“The Washington Post ”un köşə yazarı olmuş Xaşuqci Səudiyyə isteblişmentinin tənqidçisi idi.
Səudiyyə əvvəlcə jurnalistin itkin düşməsindən xəbəri olmadığı bildirdi. Bir neçə gündən sonra onun konsulluqda özbaşına dəstə tərəfindən qətlə yetirildiyi, bununla əlaqədar Səudiyyədə həbslər aparıldığı açıqlandı. Saxlananların bir neçəsinə ölüm cəzası istənilib. (azadlıq.org)
Paylaş: