Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planını dəstəkləməkdən imtina edir.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə adının açıqlanmasını istəməyən yüksək rütbəli mənbələr bildirib.
Qeyd olunur ki, Türkiyə sözügedən planı dəstəkləmək üçün NATO-dan onun Suriyanın şimalında YPG kürd qüvvələrinə qarşı mübarizəsində daha çox siyasi dəstək verməsini tələb edir.
"Rəsmi Ankara NATO-dakı nümayəndəsinə planı imzalamamağı tapşırıb və fərdi görüşlərdə Alyansdan rəsmi olaraq YPG-ni terrorçu qruplaşma kimi tanımağı tələb edir", - deyə məlumatda qeyd olunur.
Mənbələrdən biri isə ABŞ prezidenti Donald Trampın şübhə ilə yanaşdığı, Fransa prezidenti Emmanuel Makronun "beyin ölümü" yaşadığı irəli sürdüyü beynəlxalq qurumun birlik nümayiş etdirməyə çalışdığı bir dönəmdə Türkiyənin bu davranışını "pozucu" adlandırıb.
Məsələyə münasibət bildirən NATO-nun sözçüsü Oana Lungescu bildirib ki, NATO-nun öz müttəfiqləri üçün müdafiə planı var: "NATO müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı öhdəliyinə sadiqdir və bu öhdəlik sarsılmazdır”.
Qeyd edək ki, NATO Rusiyanın Polşa, Litva, Latviya və Estoniyaya hücum edəcəyi təqdirdə bu ölkələri müdafiə etmək planına 29 üzv dövlətdən rəsmi təsdiq almaq istəyir.
Türkiyənin razılığı olmadan NATO-nun Baltikyanı və Polşadakı müdafiəsini sürətlə gücləndirməsi daha çətin ola bilər.
Paylaş: