Xəbər lenti

"Moskva ABŞ-nin Ukraynaya dair sülh təklifinin bəzi məsələləri ilə razı deyil, lakin bunlar müzakirə olunub".

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "India Today" telekanalına müsahibəsində deyib.

Rusiya lideri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşnerlə danışıqlara toxunaraq, nəticə barədə fikir yürütməyin hələ tez olduğunu deyib: "Belə bir görüş zəruri və faydalı idi".

Putinin sözlərinə görə, ABŞ tərəfinin təklifləri bu və ya digər şəkildə Alyaskada Trampla əldə olunan razılaşmalara əsaslanıb.

"Uitkoff ilə danışıqlar zamanı biz praktiki olaraq hər bir məqamı nəzərdən keçirməli olduq", - deyə Rusiya lideri görüşün beş saatdan çox davam etməsinə aid suala cavabında bildirib.

Rusiya prezidenti bəyan edib ki, ölkəsi istənilən halda, istər hərbi, istərsə də digər vasitələrlə Ukraynada öz məqsədlərinə çatacaq:

"ABŞ rəsmiləri hazırda Rusiya, Avropa və Ukrayna ilə əlaqə saxlayırlar. Tramp Administrasiyası Ukrayna münaqişəsinin həlli kimi çətin missiyanı öz üzərinə götürüb. ABŞ-nin Ukrayna ilə bağlı fikirlərində Rusiyaya nəyin uyğun olduğunu söyləmək hələ tezdir".

Müsahibə zamanı o, Rusiyanın G8-ə qayıtmaq niyyətində olmadığını da bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 452          Tarix: Bu gün, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma