Rusiya Federasiyası Ukraynanın Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qətnamə layihəsini təqdim edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.
Sənəd BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərilib. Onun sözlərinə görə, qətnamə layihəsinin mətni yaxın vaxtlarda Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin ekspertləri tərəfindən öyrəniləcək və əsas danışıqlar gələn həftə daimi nümayəndələrin Efiopiyadan qayıdışından sonra başlanacaq.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskba müəyyən şərtlərlə Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.
Onun sözlərinə görə, bu məsələnin həlli yalnız ağır texnikanın təmas xəttindən aparılmasından sonra mümkündür. Bundan başqa, Putin qeyd edib ki, problemi “LXR” və “DXR”in (Donbasda yaradılan separatçı qurumlar –red.) nümayəndələri ilə təmas çərçivəsində həll etmək lazımdır.
Paylaş: