Sabah Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək.
Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
Diaqnostik qiymətləndirmə dekabrın 29-da saat 10.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcək.
Bu il ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Bakı, Gəncə və Qəbələdə yerləşən 34 ilk peşə-ixtisas təhsili müəssisəsi şəbəkəsinin rasionallaşdırılması həyata keçirilib və 14 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Paylaş: