Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar ümumxalq hüzn gününə həsr ediləcək.
İdarədən Strateq.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.
Dərslərdə ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunacaq.
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ərəfəsində paytaxt məktəblərinin pedaqoji kollektiv və şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti də təşkil olunur.
Paylaş: