Xəbər lenti

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 18-20-də Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Strateq.az QMİ-yə istinadən bildirir ki, səfərin məqsədi oktyabr ayının 19-da Vyanada keçiriləcək KAICIID Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti – 19-cu sessiyasında iştirak etməkdir.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadənin qatılacağı sessiyada bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklər, habelə insan resursları barədə təqdimatların keçirilməsi, KAICIID idarəetmə strategiyası ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası əlaqələndirmə məsələləri, həmçinin G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi qlobal əhəmiyyətli məsələlər də daxildir.

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir.

 




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 18-10-2018, 16:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma