Xəbər lenti

Qarabağa bahar gəlir, İlahi
 
Sevincə bax bulaqların gözündə
Qəlbi gülür dərənin də düzün də
Şəhid qanı çiçəkləyir üzündə
Qarabağa bahar gəlir , İlahi
 
Ötən çağlar indi üzü bəridi
Gələn günlər ömrün təzə-təridi
Otuz illik yurd həsrəti əridi
Qarabağa bahar gəlir , İlahi
 
Dalğalanır arzuların bayrağı
Hər təbəssüm bir ümidin yarpağı
Zəfər ətri bürüyübdür torpağı
Qarabağa bahar gəlir , İlahi
 
Qulac-qulac açılıbdır qucaqlar
Əl eleyir sevinc dolu o çağlar
Alov-alov gülümsəyir ocaqlar
Qarabağa bahar gəlir ,İlahi
 
Zəmilərdə daraqlanır sünbülün
Ocağında ruhu gülür Bülbülün
Cıdır düzü indi xarıbülbülün
Qarabağa bahar gəlir , İlahi
 
Ürəklərdə ümid naxış toxuyur
Əllər zəfər nəğməsini oxuyur
İndi vətən Şuşa ətri qoxuyur
Qarabağa bahar gəlir , İlahi
 
Gəlsin bahar, gülsün bahar elimde
Xudayarın nəğməsi var çölümdə
Nəzakətəm, min alqış var dilimdə
Qarabağa bahar gəlir , İlahi 
                                                                                      
 
PAYIZ ÖMRÜ
 
Açıb buludlara ovcunu torpaq
Saralmış bağçamın halını gör, bax
Əl edir budaqda bir sarı yarpaq
Gəl, payız ömrümün taleyini yaz.
 
Uzaqda qurulan əcəl taxtıdır,
Güllü günlərimin xəzan vaxtıdır,
Bəxtimin yollarda azan vaxtıdır,
Gəl, payız ömrümün taleyini yaz.
 
Ruhumda hələ də ar qoxusu var,
Könlümdə bir misra yar qoxusu var,
Daha qismətimin qar qoxusu var,
Gəl, payız ömrümün taleyini yaz.
 
Bəmbəyaz nəğmədir ağ çiçəklərim
Saralıb,—payızdı biçənəklərim
Çəkir sinə dolu ah—çiçəklərim
Gəl, payız ömrümün taleyini yaz.
 
Bir sözün köksünə qoyub başını,
Kövrək duyğuların sil göz yaşını.
Qoy ayaq altına əlhəd daşını,
Gəl, payız ömrümün taleyini yaz.
 
VƏTƏNDİ BU
 
Torpaq deyil , Vətəndi bu,
Çınqılı, daşı doğmadı.
Atamdan, babamdan qalıb,
Alın qırışı doğmadı.
 
Səssiz haraylar görünür,
Uca saraylar görünür.
Çox illər, aylar görünür,
Gözünün yaşı doğmadı.
 
Bir bax bu kasıb damına,
Həsrətdir bəxtin tamına.
Ögey baxma adamına,
Bu nadan, naşı doğmadı.
 
Könlünə Qarabağ düşüb,
Baxmaqdan gözə ağ düşüb.
Ümiddən yüz yarpaq düşüb,
Payızı, qışı doğmadı.
 
Yaddaşına bir ox dəyib,
Qeyrətinə bir “yox”dəyib
Əlhəd daşına çox dəyib,
Qan axan başı doğmadı. 
 
ANA HAQQI          
 
Allah, dərgahına açılıb əlim,                                                                             
Hər duam məktubdur sənin adına
Yaratmaq haqqını ərməğan etdin,
Məhəbbət  qoxulu hər bir qadına.
 
Xəyala sığmayan ilahi eşqin,
Külli-kainata aynadır, Allah.
Analar bir az da sənə bənzəyir,
Bəlkə də bir adın anadır, Allah.
 
Sevgi bağçasıdır ana ürəyi,
Hər övlad nəfəsi çiçək ətridir.
Mələklər yanında mötəbər məqam,
Ana hörmətidir, ana xətridir.
 
Tanrı təbəssümü çiçəkləyibdir,
Hər gözəl ananın nurlu üzündə.
Ayağı altına cənnət döşənib,
Allahın ətri var “ana” sözündə.
 
 
 
 
Çiçəl ətirlidir, gül qoxuludur
Hökmünlə dünyaya gələn balalar.
Bəzən könlümüzə kədər ələyir,
Sevgi bağçasında gülən balalar.
 
Allahım, nur dolu “ana” adını,
Könül dəftərinə nəqş eləmisən.                            
Analıq haqqını, sevgi payı tək,                                                                                                                                      
Nə yaxşı, ömrümə bəxş eləmisən.       
 
                              
GÖZLƏDİLƏR
 
“Qara kağız” yazılmadı ağ kağıza,
Yollarını gözləyənlər ümidini itirmədi.
Qapısını “qara kağız” döymədiyi ünvanlarda
Ümidlərin qapıları üzərinə örtülmədi.
“Qara kağız” yazılmadı ağ kağıza,
Əsən yellər, susan yollar
Gedənləri gətirmədi.
Qönçə-qönçə çiçəkləri oda yaxan
Boynubükük bir bənövşə bitirmədi.
Ağ kağıza yazılmayan acı-acı taleləri,
Qalaq-qalaq ürəklərə yeridənlər,
Kül içində köz axtardı 
Ömürləri bir şam kimi əridənlər.
Gözlərini bu yollardan çəkmədilər, 
Ürəkləri sökülüncə, sərv boyları bükülüncə,
                                                         gözlədilər.
Yollardaca qara saçı ağ hördülər,
                                                 gözlədilər.
Bir zərrənin işığına yürüdülər, 
                                                 gözlədilər.
Son ümidin yaxasından əllərini üzmədilər,
                                                 gözlədilər.
Ömürlərin bu yollarda paralayıb azanlar da,
Ürəyindən qanlar axan, ağı üstə dil-dil ötən
                                                           ozanlar da,
Qəbirlərin öz əliylə yad ellərdə qazanlar da
                                                          gözlədilər.
Taleləri – qələmini bəxt yazandan
                                        oğurlayıb yazanlar da
                                                             gözlədilər.
Hey ağlaya, hey ağlaya gözlədilər.
Şəkilləri sığallaya-sığallaya gözlədilər.
Gün doğan tək
Gün batan tək gözlədilər.
Qürbət eldə bir vətəntək 
gözlədilər.
Gözləməkdən bezmədilər
gözlədilər.
Döz dedilər, döz dedilər,
Nə yaxşı ki, gözlədilər.
Dözən   bizim analardı,
Dərd heykəli, qəm heykəli sonalardı.
Son mənzilə ümidlərlə köçüb gedən,
Ömürləri “hayıf” olan analardı.
Dərd göyərtdi anaların göz yaşları,
Dərd bəmbəyaz saçlarına yağan qardı.
Solan çiçək, yağan yağış, düşən yarpaq
Vida deyən gözüyaşlı son bahardı.
Dözən   bizim analardı,
Nəmli-nəmli baxışlar var uzaqlarda, 
                    uzaqlarda əsir düşdü, 
donub qalan sazaqlar da.
Harayına heç gəlməsin
                               ağ kağıza bəxti yazan.
Ağ kağıza qara bəxti necə yazsın 
                                        yazı yazan?
Qara bəxtin yazısını yazmaqdansa
                                        ümid gözəl...
Bu ümidi itirməyən gözləməyin özü
                                                       gözəl.
Qoy gözləri hey yollarda haraylasın
                                                     bəxt yazanı.
Qurban olum, yazın hanı???
Qışın ötdü yazın hanı?
 
XƏZƏRİN  PAYIZI
 
Qəlbimdə çağlayan duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu
Allah, bu dənizin sularına sər,
 
Sahilə can atan coşğun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.
 
 
Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür, sular ağlayır.
 
Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuvatək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular...
 
  ZƏFƏR NƏĞMƏSİ
                                 Milli Ordumuzun zabiti oğlum Ramilə
Açıb qucağını sənə Qarabağ,
Öpür qədəmini hər dərə,hər dağ.
Qələbə ətrinə bələnib torpaq,
Zəfərin mübarək,  komandir oğlum!
 
Ovutdun gör neçə qəlbi kövrəyi,
Bitib ürəklərin acı göynəyi.
Yollar geyinibdi zəfər köynəyi,
Zəfərin mübarək, komandir oğlum!
 
Üç rəngli ulduzun, ayın var sənin,
Döyüşdə öz haqqı-sayın var sənin.
Qələbə sözündə payın var sənin,
Zəfərin mübarək, komandir oğlum!
 
Babək hünəri var ər qollarında,
Ömrün yol eyləyib hərb yollarında.
İndi üzü gülür bu yolların da,
Zəfərin mübarək, komandir oğlum!
 
Vətən sevgisidir sönməz ocağın,
Qeyrət köynəklidir sənin hər çağın.
Bu vətən boydadır  indi qucağın,
Zəfərin mübarək, komandir oğlum!
 
 
 
 
Arzum ələ yaxıb sevinc hənası,
Dəyərdən ucadır ömrün mənası.
Vətənin qızıyam —zabit anası,
Zəfərin mübarək, komandir oğlum!
 
Qeyrət ətirlidir adın, ünvanın,
“Çəngi”yə köklənib damarda qanın.
Əmrindən güc aldın Baş Komandanın,
Zəfərin mübarək, komandir oğlum!
 
 
 
MƏN ZABİT ANASIYAM!
 
Milli Ordumuzun zabiti oğlum Ramilə
 
Beşiyini asmışam, gözümtək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə qatmışam.
Şirin-şəkər balama həzin layla çalmışam,
Beşiyimə, laylama, övladıma bağlıyam,
Mən zabit anasıyam!
 
Şükür, sənin yanında alnım açıqdır, Vətən.
Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!
 
Rahat yuxu yatmıram, çünki düşmən yatmayıb.
Hələ çox "arzusu" var, arzusuna çatmayıb.
Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.
Düşmənin arzusunu gözlərində öldürən
Zabit anasıyam mən!
 
Dağlarımın başında buludlarım ağlayır,
Dili batmış o yetim bulaqlarım ağlayır.
İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,
Məni bu intiqama, bu qisasa səsləyən
Zabit anasıyam mən!
 
Düşmənə "göz dağı"san, gücümsən, qüvvətimsən.
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin "dar günü"ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!
 
QARABAĞ
 
Elə bil səngərtək qazılıb sinəm,
Qəlbimdə duyğular barıt qoxulu.
Uğrunda ölməyə hazıram, Vətən,
Hər misram döyüşən bir əsgər yolu.
 
Ruhu qan ağlayır Molla Pənahın,
Şuşanın ağrısı qəbrindən keçir.
Pozulub dünyanın haqq tərəzisi,
Ümid qara daşın səbrindən keçir.
 
Dillərdə üşüyür “Qarabağ” sözü,
Böyük Pənah xanın ruhu göynəyir.
Qəbrinə söykənib qoca Vidadi,
Ağlaya-ağlaya bayatı deyir.
 
Kəsərdən düşübdü qeyrət qılıncı,
Sonuncu ümidin solur nəfəsi.
“Sənsiz” buz bağlayıb dodaqlarında,
Həsrətdən üşüyür Bülbülün səsi.
 
Dərdinə qısılıb çəkir içini
Bu yalçın qayalar, mamırlı daşlar.
Torpağın, ağacın, otun içindən
Həmişə bir həsrət cığırı başlar.
Şuşanın, Laçının acı nisgili
Millətin köksündə xəncərdi, xəncər.
Həsrət dağlarına dirsəklənərək
Qərib taleyinə baxır Kəlbəcər.
 
Boylanır yaddaşın binələrindən,
Bir ovuc bayatı, bir yarpaq ağı.
Vətən ağrısını duymayan ömrü
Heç vədə isitməz Vətən torpağı.
 
ŞƏHİD ANASI
 
Köksündə ağrı var dağın, daşın da,
Qan izi buğlanır hər qarışında.
Oğlun heykəlləşib yurd yaddaşında,
Sil göz yaşlarını, şəhid anası.
 
Haqqın, həqiqətin sözü səndədir,
Sevgi ocağının közü səndədir.
Millətin, Vətənin gözü səndədir,
Sil göz yaşlarını, şəhid anası.
 
Dözümün, təmkinin lap son həddisən,
Namusun, qeyrətin pak sərhəddisən.
Düşmən bizə baxır əymə qəddi sən,
Sil göz yaşlarını, şəhid anası.
 
Oğlun itirmədi haqqı-sayını,
Asdı zirvələrdən öz harayını.
Dağıt qəlbindəki qəm sarayını,
Sil göz yaşlarını, şəhid anası.
 
Xətai babamın yolu diksinir,
Babəkin kəsilmiş qolu diksinir.
Vətənin hər şəhid oğlu diksinir,
Sil göz yaşlarını, şəhid anası.
 
Demə itib ömrün bəxtiyar  çağı,
Qapıtək açılır haqqın qucağı.
Alışır ümidin sönmüş ocağı,
Sil göz yaşlarını, şəhid anası.
 
 
“Vətən”, “ana” sözü tən yaranıb, tən,
Bu inam üstünə qoy enməsin çən,
Qoy baxıb üzünə sevinsin Vətən,
Sil göz yaşlarını, şəhid anası.
 
Göyləri titrədir ahı-naləsi,
Ana layla deyir qəbir daşına.
Hər gün qucaqlayıb soyuq məzarı,
Sanki gəlib keçir beşik başına,
Həzin layla çalır qəbir daşına.
 
Oğullar içində gəzir oğlunu,
Güc verir gözünün həsrət yaşına.
O qədər sözü var kimə desin ki,
Dərdini söyləyir məzar daşına,
Ana sığal çəkir qəbir daşına.
 
Gündə bir arzusun söyləyir ona:
– Axı heç keçmədin bəy otağına.
Xonçanı tutmadım, xına yaxmadım,
Gülüzlü gəlnimin əl-ayağına.
Ana gileylənir qəbir daşına.
 
 
Göylərə yalvarır məni də apar,
Sözümü deməyə çatım taxtına.
Göylərdən səs gəlir sənin oğlunun
Şəhid ucalığı düşüb baxtına.
Ana layla deyir şəhid oğluna.
 
 
 
 
 
Oğlunun qəbrinin üstünə gedən,
Ananın harayı, dərdin səsidir.
Tanrı dərgahında uca sayılan,
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.
 
HAQQA   QOVUŞDURAN
 ŞƏHİD  ZİRVƏSİ!
 
Göyləri titrədir ahı-naləsi,
Ana layla deyir qəbir daşına.
Hər gün qucaqlayıb soyuq məzarı, 
Sanki gəlib keçir beşik başına.
Həzin layla çalır qəbir daşına.
 
Oğullar içində  gəzir oğlunu,
Güc verir gözünün həsrət yaşına.
O qədər sözü var, kimə desin ki,
Dərdini söyləyir məzar daşına
Ana sığal çəkir qəbir daşına.
 
Gündə bir arzusun söyləyir ana:
– Axı, heç keçmədin bəy otağına.
Xonçanı tutmadım, xına yaxmadım,
Gülüzlü gəlnimin əl-ayağına.
Ana gileylənir qəbir daşına...
 
Göylərə  yalvarır məni də apar,
Sözümü deməyə çatım taxtına.
Göylərdən səs gəlir: – Sənin oğlunun,
şəhid ucalığı düşüb baxtına.
Ana layla deyir şəhid oğluna.
 
Oğlunun qəbrinin üstünə gedən,
Ananın harayı dərdin səsidir.
Tanrı dərgahında uca sayılan
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.
 
 
 
ŞƏHİDİM
 
Yaman narahatdır ruhun, bilirəm,
Durur qisas günün hələ, şəhidim.
Torpaq qan içində, düşmən əlində,
Dağın göz dağıdır elə, şəhidim.
 
Yalana dönübdü mənim gerçəyim,
Solub  düymə-düymə gülüm-çiçəyim.
Analar açmayıb qara ləçəyin,
Göz yaşı dönübdü selə, şəhidim.
 
 
Yolu yox Vətənə aparan yolun,
Şikəstəm, sınıbdır qanadım-qolum.
Didərgin ruhunun qurbanı olum,
Məni də kəfənə bələ, şəhidim.
 
Sənə «söz vermək»dən, sözüm qaralıb,
Xəcalət çəkməkdən üzüm qaralıb.
Qisas qiyamətə dirənib qalıb,
Ağırdı çiynimdə şələ, şəhidim.
 
 
 
             Nə qədər ağrın var, ağrınla varam,
Yaramdı  köksünün altdakı yaran.
Sən göydən enəsən, mən burdan duram,
Gələ zəfər günü, gələ, şəhidim.
 
 
 
 
BU TORPAQ
 
Yurd dediyim bu torpaq
Alnımın yazısıdır.
Babamın əmanəti,
Anamın laylasıdır.
 
Yurd dediyim bu torpaq
Yenilməyən qalamdı.
Təkcə anam deyil ki,
Həm də mənim balamdı.
 
Yurd dediyim bu torpaq
Ovxarlı qeyrətimdi.
Dünyanı heyran qoyan
Əbədi şöhrətimdi.
 
Yurd dediyim bu torpaq
Odum, közümdü mənim.
Kimliyimi tanıdan
Ulu sözümdü mənim.
 
Yurd dediyim bu torpaq
Ağır-ağır elimdi.
Qəlbləri ovsunlayan
Şirin ana dilimdi.
Yurd dediyim bu torpaq
Bükülməyən dizimdi.
Dünyanın sinəsində,
Ləpirimdi, izimdi.
 
Yurd dediyim bu torpaq
Xalqımın qismətidi.
Əzəldən hər qarışı
Millətin ismətidi.
 
Yurd dediyim bu torpaq
Keçmişdi, gələcəkdir.
Sinəsində millətin
Arzusu güləcəkdir.
 
Yurd dediyim bu torpaq
Haqq ünvanlı səsimdi.
Zamanın yollarında
Tükənməz həvəsimdi.
 
Yurd dediyim bu torpaq
Əbədi harayımdı.
Sədaqətlə süslənmiş
Məhəbbət sarayımdı.
 
Yurd dediyim bu torpaq
Dinimdi, imanımdı.
Tarixin dəryasında
Əzəli limanımdı.
 
Yurd dediyim bu torpaq
Millətimin səsidir.
Milyon-milyon ürəyi
Hərarəti isidir.
 
 
Yurd dediyim bu torpaq
Babaların məzarı.
Ümidlərin baharı,
Arzuların gülzarı.
 
Yurd dediyim bu torpaq
Ünvanımdı, adımdı.
Babama, övladıma
Ulu hesabatımdı.
 
Yurd dediyim bu torpaq
Qanımla suvanıbdı.
Ürəyimin oduyla
Ocağı qalanıbdı.
 
Yurd dediyim bu torpaq
Qədim Odlar diyarı.
Babəkin arzusudu,
Xətainin vüqarı.
 
Yurd dediyim bu torpaq
Əmanətdir, əmanət.
Hər qayası, hər daşı,
Dəyanətdir, dəyanət.
 
 
 
 
Yurd dediyim bu torpaq
Barım, bərəkətimdir.
Tanrının bəxş etdiyi
Haqqım, həqiqətimdir.
 
Yurd dediyim bu torpaq
Tarixin sübh çağıdır.
Həniri sozalmayan
Ərənlər ocağıdır.
Yurd dediyim bu torpaq
Qəhrəmanlar yurdudur.
Xırdaca bir daşı da
Yenilməyən ordudur.
Yurd dediyim bu torpaq
Ən ulu hikmətimdi.
Dağı, daşı, ağacı
Tanrıyla ülfətimdi.
Yurd dediyim bu torpaq
Səsimdi, sorağımdı.
Arzular çiçək açmış
Bir bağçamdı, bağımdı.
 
Yurd dediyim bu torpaq
Əbədi libasımdı.
Burda yaşanan ömür
Baharımdı, yazımdı.
 
Yurd dediyim bu torpaq
Döyüş qərargahımdı.
Hər çınqılı, hər daşı,
Ulu  səcdəgahımdı.
 
 
VƏTƏN
Dünyaya açılan qapımsan mənim,
Ruhumun, könlümün gözüsən, Vətən.
Mayası səndədir müqəddəsliyin,
İlahi qüdrətin özüsən, Vətən.
 
Qəlbimin işığı, gözümün nuru,
Uludan ulusan, ucadan uca.
Salım qollarımı boynuna, Vətən,
Səni misra-misra öpüm doyunca.
 
Zirvələr söz açır ucalığından,
Dərələr şahiddir dərinliyinə.
Sənin bərəkətli, barlı torpağın,
Geniş sərhədləri geyib əyninə.
 
Hünər dünyasına güzgüdü sanki.
Ömür kitabının hər səhifəsi.
Hər bir qarışında duyulur, Vətən.
Zamanın addımı, tarixin səsi.
 
Ulu əcdadların daşlaşan ömrü,
Boylanır Laçının qayalarından.
Hər daşda bir igid nərəsi yatır,
Qan damır tarixin yaralarından.
 
  Ellərin arzusu qanadlanaraq,
Süzəcək səmada bir gün quş təkin.
Şərəflə qorunan yurd yerlərində,
Ruhu gülümsəyir ulu Babəkin.
 
Taleyindən keçən qərinələrin,
Alnını bəzəyir ərən imzası.
Sənin qüdrətinə qoşa qanaddır,
Xətai qılıncı, Ələsgər sazı.
 
Ana laylasından hənir alıbdı,
Ürəkdə alışan qeyrət ocağı.
Doğmalıq ətirli hər qarış torpaq,
Ana qucağıdır, ana qucağı.
 
Oğul qeyrətini əyninə geyən
Canlı səngərlərin mübarək, Vətən.
İlahi sevgiylə yoğrulubdusa,
Hər duyğu–Vətəndi, hər ürək – Vətən.
 
 
Dərbənd qalasından Təbrizə qədər,
Uzanan bu yurdun səsi içimdə.
Mənim Şah babamın, Şah Xətainin,
Əbədi harayı,  ərzi  içimdə.
 
Hər bahar gələndə sızıldayacaq
Qırılmış budağın qönçə ağrısı.
Bilirəm qəlbində heç uyumadı
Zəngəzur həsrəti, Göyçə ağrısı.
 
Ana laylasına hopan  məhəbbət
Sənin təravətin, ətrindi, Vətən.
Millətin ruhunda, elin dilində,
Daim əzizlənən xətrindi, Vətən.
 
Ömrünə güzgüdür oğul qeyrəti,
Cürət qanad açıb hər qarışında.
Vətən əsgərinin məhəbbətindən,
Üzündə sevgi var dağın, daşın da.
 
 
Sənin qeyrətini çəkən oğullar
Ulu qüdrətini duyur dərindən.
Durub keşiyində igid ərənlər,
Qeyrət ətri gəlir səngərlərindən.
 
 
 
 
Çırağa bənzəyir Vətən torpağı,
Hər əsgər ürəyi pərvanəsidir.
Bu doğma yurdumun qeyrət nəğməsi,
Vətən əsgərinin addım səsidir.
 
 
 
Əsgər baxışları sevgiylə öpür
Vətən torpağını təbərrük kimi.
Yurdu bədnəzərdən qorusun deyə
Dolanır başına üzərrik kimi.
 
Əsgərin gözündə güzgülənir, bax,
Meşə də, dəniz də, dərə də, düz də.
Sərib gözlərinin yuxusunu o
Körpələr uyuyan beşiklər üstə.
 
Qartal baxışından hənir alıbdır
Quşqonmaz qayalar, mamırlı daşlar.
Torpağın, ağacın, otun içindən
Hər gün bir əsgərin çığırı başlar.
 
Böyük məhəbbətlə səngərdə durub,
Qəhrəmanlıq axır damarlarında.
Vətən qeyrətini əyninə geyib
Yayın bürküsündə, qışın qarında.
 
Onun qətiyyətli addım səsinə
Açıb yaxasını hünər yolları,
 
Qəlbində alışan Vətən sevgisi
Əridir üstünə ələnən qarı.
 
Vətən əsgərinin kirpiklərindən
Gecə ulduz-ulduz asır özünü.
Tətikdə dayanan barmağı üstə
Alagöz səhərlər açır gözünü.
 
Ömrünün-gününün hər məqamında
O, yurdu düşündü, Vətəni andı.
Qəlbində şərəflə dalğalanır, bax,
Vətən torpağına sədaqət andı.
 
 
Böyük dastanlara sığışan deyil
Vətən əsgərinin Vətən alqışı.
Hər daşı, qayanı çiçək sanaraq
Kəpənəklər kimi qonur baxışı.
 
Durub keşiyində müqəddəsliyin,
Böyük amalıyla müqəddəsdir O.
Ulu babaların ruhundan qopan
Canlı bir haraydır, ulu səsdir O.
 
Bu səs qanımızın səsidi, qardaş,
Haqqın dan yerindən yol gəlir bu səs.
Hünər bayrağıtək, qeyrət himnitək,
Vətən göylərinə yüksəlir bu səs.
 
Bu səsin işığı, bu səsin nuru,
Gün kimi ələnir yurdun başına.
Bu səs bir qılıncdı, ovxarlı qılınc,
Qurşa, yurd uğrunda, yurd savaşına.
 
Bu səslə durulur Vətən suları,
Bu səsdən ər oğlu bir Mən görünür.
Bu səs gündoğanım, günbatanımdır,
Bu səsdən bir böyük Vətən görünür.
 
Hər əsgər Vətənin bir məğrur səsi,
Hər səsin müqəddəs bir sərhəddi var.
Vətənin sərhədsiz səsidir, dostum,
Vətən qeyrətini çəkən oğullar.
 
Əsgərdən başlanır Vətən duyğusu,
Harda əsgər varsa orda Vətən var.
Əsgər addımını laylatək duyur,
Torpağın altında şəhid yatanlar.
 
 
SƏNGƏR
Haqqın dərgahında ulu mizandı,
Haqq ilə nahaqqın arası – səngər.
Vətən, yurd uğrunda döyüşənlərin
Köksündən aldığı yarası – səngər.
 
Qopuzu bağrına basmış Dədənin,
Torpaq ətri verən sözüdü – səngər.
Qələbə nəfəsli ümidlərimin
Ürəkdə alışan közüdü – səngər.
 
Ana namusudur, bacı isməti,
Ərən babaların papağı – səngər.
Savaşda gözünü yuman şəhidin,
Sonuncu mənzili, otağı – səngər.
 
 
Söykən bu qarşı dağlara,
Burda hər daş, qaya – səngər.
Şəhid qanı axan yurdda,
Hər pıçıltı, qıyya – səngər.
 
Yoldu dərdin ayazında,
Teldi Ələsgər sazında.
Ərən ömrün qapısında
Bənzər ilə, aya səngər.
 
Həm bacıdı, həm də ana,
Qolu boynuna dolana.
Vətənə səngər olana,
Dönüb haqqı-saya səngər.
 
 
Şəhid qızı
Ağlama şəhid qizi
Dərdin mənə tanişdi
Ürəyim param parca
Dərdim naxiş naxişdi
Ağlama şəhid qizi
Mən də ata itirdim
Elə sən yaşda idim
Sanirdim ki hamidan
Güclüydü mənim atam
O körpə ürəyimdə
Atam idi qəhrəman
Göydən ulduz istəsəm
Yiğib yere tökərdi
Qarli dağin başinda
Mənə gül bitirərdi
Sanirdim hər arzumun
Acari atamdadir
O mənim güvənc yerim
O mənim arxamdadir
Ağlama şəhid qizi
Bax. mən necə böyüdüm
Atasizliq göz yaşin
Atamin üz qoyduğu
Məzarinda gömürdüm
Əvvəl elə sanirdim
Bir gün insafa gələr
Qalxar o daşin altdan
Arzularimi görər
Böyüdüm şəhid qizi
Atadan söz düşəndə
Ürəyim yaman əsdi
Obəxtəvər günləri
Təzədən görmək ücün
Könlüm yaman tələsdi
Anam tez tez deyərdi
Əgər yaxşi oxusan
Atan mütləq biləcək
O hacansa gələcək
Beləcə yalanlari
Ürəyimə bələyib
Ümüdlərə söykənib
Böyüdüm şəhid qizi
Sən də böyüyəcəksən
Gercəyi yalan bilib
Yalani sevəcəksən
Tutacaqsan ümidin
Təsəllinin əlindən
Səndə böyüyəcəksən
Sən şəhidin qizisan
Ürəyində ağir yük
Sənin təsəllin böyuk
Mən də ata itirdim
Elə sən yaşda idim!!!!!
 
VƏTƏN, BİZİ BAĞIŞLAMA
 
Qarabağın yağıların tapdağı,
Meşələrin yalquzaqlar oylağı,
Yaman olduq  yad dillərin qınağı,
Vətən, bizi bağışlama!
 
Ağ günümdən bircə-bircə seç günü,
Göydən niyə daş yağmadı köç günü?!
Köçkünüyəm, yüz illərin köçkünü,
Vətən, bizi bağışlama!
 
Baxışları gül-çiçəyi  kəsirdi,
Gəzməyəndə dağı-daşı küsürdü.
Yurd yerləri, aman Allah, əsirdi.
Vətən, bizi bağışlama!
 
Budanıbdı, nə sağ qalıb, nə sol var,
Mənim üçün nə ağa var, nə qul var.
Xan Arazdan Təbrizəcən nə yol var?
Vətən, bizi bağışlama!
 
"Cıdır düzü" deyib, könül dağladım,
"Şuşa" deyib, sellər kimi çağladım.
Xarı bülbül qaldı xara, ağladım,
Vətən, bizi bağışlama!
 
Yağmalandı ocaqlarda varın, hey…
Kafirlərə qismət oldu barın, hey…
Dədəm Qorqud,  çatlamazmı gorun, hey…
Vətən, bizi bağışlama!
Zəhər dadır ayrılığın qar dadı,
Ərənlərin varsa əgər, hardadı?
Qız-gəlinin əsir düşüb, dardadı,
Vətən, bizi bağışlama!
 
Avandını alan alıb, tərs tutub,
Dar yaxandan min dilbilməz kəs tutub.
Harayından bu dünyanı səs tutub,
Vətən, bizi bağışlama!
 
Dağın-düzün yenə bizim olunca,
Verən-verdi, səni yaddan alınca,
Qanın axıb, bu qan yerdə qalınca
Vətən, bizi bağışlama!
 
 
Qəzəbini öz içində hörən, gəl,
Qara başın Babək kimi verən, gəl,
Koroğlutək meydanlara girən, gəl,
Bəlkə Vətən bağışladı bizləri.
 
İrəvanda gur səsimiz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün Vətən torpağını gözlərim,
Dəysin vətən torpağına dizlərim.


Ana səhifəyə qayıt        Baxış: 2 809          Tarix: 14-04-2021, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma