Xəbər lenti

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.

Ovqat.com bildirir ki, idarədən Milli.Az-a verilən məlumata görə, "Tullantıdan incəsənətə" mövzusu üzrə məktəblərin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə "Ayın ən təmiz məktəbi" nominasiyasında 290, 149, 44, 328 nömrəli məktəblər I, 220, 283, 144, 156 nömrəli məktəblər II, 60, 47, 206, 102, 232 nömrəli məktəblər III yerə layiq görülüb.

"Tullantıdan incəsənətə" mövzusu üzrə paytaxtın 8, 53, 98, 92, 110, 111, 125, 128, 136, 157, 186, 227, 230, 240, 258, 314 nömrəli məktəbləri də fəallıqları ilə seçilib.

Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən "Tullantıdan incəsənətə" mövzusunda müsabiqə, yarış, "Açıq dərs", sərgi və ekskursiyalar keçirilib, müxtəlif araşdırmalar aparılıb. Belə ki, şagirdlər müxtəlif lazımsız plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək zövq oxşayan əsərlər yaradıblar.

Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb.

Zərif Nisə




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 4-07-2017, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma