
Quba-Xaçmaz Regional Mədəniyyət İdarənin təşkilatçılığı ilə bu günlərdə (31 oktyabr-2 noyabr) Qubada kitab sərgisinin keçirilməsi alqışa layiqdir və belə tədbirlərin regionlarda daha sıx-sıx keçirilməsinin tərəfindəyəm.
Nəşriyyatların bölgələrə getməsi müsbət addımdır. Bu kitab işinin canlı təbliği deməkdir, naşirlərlə bölgə yazarlarının birbaşa isti ünsiyyətinin yaranması deməkdir, sərgiyə gələnlərin bir sıra müəlliflərlə canlı təması deməkdir, kitaba həvəsin artırılması deməkdir, kitabın təbliği deməkdir. Elə bu mənalarda belə regional sərgilərdə ən aparıcı iki qoldan biri mütləq və mütləq bölgə yazarları olmalıdır, bölgədəki müxtəlif sahələrdən (elm, kənd təsərrüfatı və s) yazan adamlar olmalıdır. Çox heyflər ki, bu sərgidə bölgə yazarları ciddi şəkildə iqnor edildi; istər regionda yaşayanlar olsun, istərsə də paytaxtda yaşayanlar olsun. Bəri başdan açıq deyim ki, sərgidə regionun təmsilçiliyi sanki qəsdən zəif təqdim olunur... Mən respublikamızdakı ədəbi mühitə kifayət qədər yaxşı bələdəm. Sərgiyə Bakıdan dəvət olunmuş yazarların çoxusunun region yazarlarının bir qismi qarşısında populyarlıqdan savayı üstünlüyü yox idi. Yazar dostlarımız heç də inciməsinlər, istedad hər yerdə istedaddır, lakin şərait başqa-başqadır və üzdə olan əsl yaradıcı adamın bir özəlliyi da gözdən-könüldən uzaqda qalanlara dəstək olmaqdır.Bunu niyə deyirəm?
Bu tədbir regional idarənin təşkilatçılığı və icrası ilə olduğundan burada regionun 5 rayonunun 5-inin də təmsilçilərini əhatə etməli idi. Amma oradan ora bu gün regionda yaşayan və ölkədəki çağdaş ədəbi prosesdə aktiv iştirak edən, onun aparıcı qisminə daxil olan Aydın Tağıyev, Əkrəm Qaflanoğlu, Sadıq Elcanlı, Zakir Məmməd, Məmməd Qədir, Aybəniz, Mehrəli Qulu, Tahir müəllim, Nəcməddin Mürvətov, cənublu qardaşımız Qərib Aşkari, Cabir Ağaoğlu ( o region üçün orada yaşayaraq bu sahədə ən ciddi iş görən tək-tük şəxslərdəndir), Abdulla Məmməd, Hacı Malik Xəlilov, Kərim Dünyamalı ( siyahını burada kəsirəm) və s kimi yazarlar "unuduldu".
Bildiyimə görə region yazarlarından, iki xanım yazlardan qeyri, heç kim tədbirə rəsmi dəvət olunmayıb. Belə olmur...
Diğər bir məsələ.Regiondan çıxmış, kənarda yaşayan və ədəbi mühitdə sözünü demiş bir qədər yaşlı nəsilin nümayəndələrini növbəylə açılış törəninə, sərgiyə gələnlərlə görüşlərə mütləq dəvət etmək lazım idi. Yusif Həsənbəy, Firuzə Məmmədli, Məhəmməd Əliyev, İsrafil Qurbanov, Vəliyulla Cəfərov, Rövşən Yerfi, Südabə Ağabalayeva, Esmira Fuad və digərləri sizcə bu tədbiri daha maraqlı etməzdimi?
Azərbaycanda kitabın tarixinə aid yeganə fundamental tədqiqatçı və bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş yeganə alim, gözəl şeirlər müəllifi İmaməddin Zəkiyevi necə yaddan çıxarmaq olardı?., illah da kitab tədbirində.
Bu qədər soyuqluğu, heç nə ilə izah etmək mümkün deyil. Axı sizin bu sahə ilə məşğul olan əməkdaşlarınız var.., nəhayətdə Azərbaycan Yazıçıları Birliyinin regionda iki zona şöbəsi var ( onlar da sizin idarənin tərkib hissəsi kimidir); onlarla heç məsləhətləşmələr olmayıbmı?..
Məlumat üçün deyim ki, şimal regionunda çoxsaylı ciddi qələm adamları var.Lakin onların böyük çoxluğu gözəgirənlik, dəstəbazlıq etmirlər. Təkcə Baba dağında yerləşən ucqar, yığcam bir kənddən Azərbaycan Yazıçıları Birliyinin 7 (yeddi!) nəfər üzvü var ki, onlardan da ikisi SSRİ Yazıçıları İttifaqının üzvü olub. Hələ bu kənddən çıxmış, ciddi bədii kitab müəllifləri olan neçə nəfər var ki, AYB üzvlüyü həvəsində deyillər. Mən hələ bu kənddən olan tanınmış jurnalistləri və s demirəm...
Sözüm ondadır ki, işlədiyin regionu yaxşı-yaxşı öyrənməlisən, yerli-yataqlı tanımalısan, tapşırılan işi ürəklə və ədalətlə yerinə yetirməlisən.
İnanaq ki, gələcək tədbirlər bu cür birtərəfli və başdansovdu olmayacaq.
Paylaş:



























