Xocalı qətliamının 26-cı ildönümü ilə əlaqədar Gürcüstanın Laqodexi rayonunda anım tədbiri keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Laqdexi rayon bələdiyyə şurasının sədri Kaxa Camburiya, Gürcüstan parlamentin deputatı Quram Maçaraşvili, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Qabal kənd orta məktəblərinin direktorları, müəllim heyəti və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qabal kənd 1 saylı orta məktəbinin direktoru Lamara Tabatadze Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq əlaqələrindən danışıb.
Deputat Q.Maçaraşvili çıxışında Azərbaycan-Gürcüstan dostluğundan danışıb, bayram və kədərli günlərimizdə bir yerdə olmağımızın əhəmiyyətini xüsusi qeyd edib.
Rayon bələdiyyə şurasının sədri K. Camburiya iki dost xalqın tarixi köklərə söykənən qardaşlıq əlaqələrindən, yaşadıqları oxşar talelərdən danışıb, Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirib. Hər iki natiq Azərbaycan xalqına başsağlığı verib, faciə qurbanlarının xatirəsinin daim yaşayacağını bildiriblər.
Qabal kənd icra nümayəndəsi Zaman Allahverdiyev, kənd ağsaqqalı Camal Niyazov, müəllimlərdən Bəkir Yunusov, Fərman Əliyev və başqaları çıxış edərək sevincli anlarımızla yanaşı kədərli, faciəvi günlərimizdə də daim bizimlə olan gürcü xalqına minnətdarlıqlarını bildiriblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, qabaqcadan düşünülmüş Xocalı soyqırımının səbəbləri barədə geniş məlumat verib. O bildirib ki, tədbirin məqsədi kədərli faciəmizi dostlarımızla bölüşmək, erməni faşistlərinin xalqımıza və digər millətlərə qarşı tarixən törətdikləri qanlı cinayətləri birlikdə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Qeyd olunub ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 1992-ci il fevralın 26-da Xocalıda 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar.
Sonda məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyiblər.
Paylaş: