Xəbər lenti

"Oğlumun cəsədinə baxa bilmədim".

Bunu Teleqraf.com-a açıqlamasında Cəlilabad rayonunun Ləkin kəndi ərazisində meyiti tapılan gəncin atası İlham Nəsirov deyib.

Onun sözlərinə görə, oğlunu ata bağlayaraq kənd boyu sürüyüblər:

“Bütün kənd bilir ki, oğlum sakit uşaqdır. Seymur qonşu kənddə yaşayır. Oğlum nişanlı idi və toyuna hazırlaşırdıq. Sirucun nişanlısının telefonu yox idi və Seymurgilə gedib, həyat yoldaşının telefonu ilə ona zəng edirdi. Mən oğlumun cəsədinə baxa bilmədim. Onu o qədər döyüblər ki, cəsəd qaralmışdı, tamam yara içində idi. Başına küt alətlərlə o qədər vurublar ki, cəsəd tanınmaz hala düşüb. Bu bir nəfərin işi olmayıb. Bütün sümükləri sınıq-sınıq olub”.

Ölən gəncin atası qeyd edib ki, hazırda məsələ barədə polislər araşdırma aparır.

***

Cəlilabad rayon Ləkin kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Sirus Nəsirov Seymur İsfəndiyar oğlu Muradov tərəfindən öldürülüb.

Sakinlərin sözlərinə görə, Sirus nişanlı ola-ola Seymurun həyat yoldaşı ilə gizli münasibətdə olub. Bu söhbət bütün kəndə yayılıb. Sirus ilə həyat yoldaşı arasındakı münasibətdən xəbər tutan Seymur onu öldürmək qərarına gəlib.

Kənd sakinləri deyir ki, Seymur martın 2-də, gecə saat 11-12 radələrində Sirusu görüşə çağırıb. Orada onu döyüb, başından ağır xəsarətlər yetirərək öldürüb. Öldürdükdən sonra meyitini kolluğa atıb və qaçıb.

Sirusun meyiti dünən saat 14.00-da Ləkin və Musalı kəndləri arasındakı meşəlik ərazidə tapılıb.

Qeyd edək ki, dünən mətbuatda Cəlilabad rayonunun Ləkin kəndində 21 yaşlı gəncin meyitinin tapıldığı xəbəri yayılmışdı. Öldürülən həmin şəxsin Musalı kənd sakini, 1997-ci il təvəllüdlü Nəsirov Sirus İlham oğlu olduğu üzə çıxıb.

 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 6-03-2018, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma