Xəbər lenti

Türkiyə prezidenti Ərdoğan Suriyanın İdlib bölgəsində yaşanan gərginliyin böyük fəlakətə səbəb olacağı haqda ABŞ və Rusiyaya xəbərdarlıq edib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan İdlibdə 3,5 milyon insanın yaşadığına diqqəti çəkərək, burada baş verəcək ağır döyüşlərin böyük köçə də səbəb olacağını bəyan edib: “İndi Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Ancaq İdlib vurularsa, o zaman burada çoxlu qan töküləcək, Türkiyəyə böyük koç başlayacaq”.

Ərdoğan sentyabrın 7-də Rusiya, Türkiyə və İranın Tehranda keçiriləcək Suriya ilə bağlı sammitdə Əsəd rejiminin hazırkı sərt addımlarının da müzakirə olunacağını bildirib.

Ərdoğan, eyni zamanda bildirib ki, o, sentyabrın 18-25-i aralığında Nyu-Yorkda keçiriləcək BMT-nin iclası çərçivəsində ABŞ prezidenti Trampla görüşməyəcək: “Belə bir niyyətim yoxdur”.

Bu arada isə Rusiyanın Türkiyədəki səfirliyi İdlibdə baş verən gərginliklə bağlı açıqlama yayıb.

Səfirlik bildirib ki, İdlibdəki hadisələrlə bağlı Rusiya Türkiyə ilə davamlı təmas halındadır.

 




Ana səhifəyə qayıt        Baxış: 776          Tarix: 5-09-2018, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma