78 il öncə, 22 avqust 1941-ci ildə İosif Stalin Dövlət Müdafiə Komitəsinin növbəti qərarına imza atıb. 562 saylı qərarda bu sətirlər əks olunub:
“1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 faizlik araqla təmin edilsin”.
Qərarın qüvvəyə minməsi sentyabrın 1-i olsa da, artıq həmin ilin iyul ayının sonlarından ön xəttdəki döyüşçülərə hər gün qeyri-rəsmi 100 qram araq verilib.
Bu qərarın verilməsində uzun-uzadı müzakirələr aparılmayıb. Yalnız bir dəfə Stalin marşal və generalları yanına dəvər edərək 45 dəqiqəlik müşavirə keçirib və yekdil qərara gəlinib.
Digər tərəfdən, döyüşən ordunun araqla təmin olunması praktikası hələ sovet-fin müharibəsi dövründə tətbiq olunduğundan onun nəticələri SSRİ rəhbərlərinə yaxşı məlum olub. Belə ki, sovet-fin müharibəsi dövründə hava şəraitinin soyuq olması ilə bağlı 1940-cı ilin yanvarında SSRİ-nin müdafiə komissarı (naziri) Kliment Voroşilov döyüşən ordunun əsgərlərinə hər gün 100 qram araq verilməsinin razılığını Stalindən almağa nail ola bilib və silahlı qüvvələrin şəxsi heyəti arasında bu norma “narkomun 100 qramı” adı ilə populyarlaşıb.
Yəqin ki, həmin dövrdə 100 qramın döyüşən ordunun psixoloji durumuna müsbət təsirini nəzərə alan Dövlət Müdafiə Komitəsi 1941-ci ildə başlanan müharibədə də bu “ənənə”ni davam etdirməyi qərarlaşdırıb.
Sözügedən qərara uyğun olaraq Müdafiə Komissarlığı (nazirliyi) əmr hazırlayıb. Əmrə əsasən ön xəttədəki əsgər və zabitlərlə yanaşı döyüş tapşırığını yerinə yetirən təyyarəçilərə, aerodromların texniki-mühəndis heyətinə də 100 qram araq normasının verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, anoloji olaraq bu məzmunlu qərar 3-cü Reyx tərəfindən də verilib. Hitlerin imzaladığı əmrə əsasən alman qoşunları da soyuq hava şəraitində şnaps adlı spirtli içki ilə təmin ediliblər. Şnaps meyvə dadı verən, tərkibi 40 faiz spirtdən ibarət olan içkidir. Müharibə veteranlarının söylədiklərinə görə, şnapsla rus arağının yalnız bir fərqi olub. Şnaps içənlər oxumağa, rəqs etməyə meyl göstəriblər, rus arağını içənlər isə vuruşmağa. Zarafatla deyilən bu ifadədə bəlkə də bir həqiqət də var...
Qərar 1943-cü ilin aprelin 30-da Dövlət Müdafiə Komitəsində növbəti dəfə müzakirəyə çıxarılıb və qərara alınıb ki, 3 may 1943-cü il tarixdən ordu hissələrinin şəxsi heyətinə kütləvi şəkildə gündəlik 100 qram arağın verilməsi dayandırılsın, yalnız hücum əməliyyatı keçirən hissələrin şəxsi heyəti sutka ərzində 100 qram araqla təmin edilsin. Ön cəbhənin digər ordu və qoşun hissələrinin şəxsi heyətinə isə yalnız bayram günlərində 100 qram araq paylanılsın.
Bu qərar 1945-ci ilin iyun ayına qədər qüvvədə olub. İyunun 24-də silahlı qüvvələrin şəxsi heyətinin 100 qram araqla təmin olunması ilə bağlı qərar ləğv edilib.
İlham Cəmiloğlu, Musavat.com
Paylaş: