Azərbaycanda balıq və digər su bioresurslarını qanunsuz tutmağa görə cərimələr 20 dəfə artırılır. Bu, Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, balıq və digər su bioresursların qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda cərimələr 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.
Maraqlıdır bu dəyişikliklər, yeni cərimələr həvəskar balıqtutanlara da şamil ediləcəkmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələri üzərində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşı İsmayıl Yunusov açıqlamasında bu məsələyə aydınlıq gətirib. O qeyd edib ki, müəyyən tələblər, normalar pozularsa, həvəskar balıqtutanlar da cərimələnə bilər:
"Bu, Nazirlər Kabinetinin 24 sentyabr, 1999-cu il tarixli 152 saylı qərarına müvafiq olaraq tənzimlənir. Qərar və müvafiq qanunvericilikdə nəzərdə tutulub ki, 3 tilov, 7-dək qarmaq vətəgə ölçüləri uyğun 5 kiloyadək balıq tutulmasına icazə verilir. Əks halda inzibati qaydaya müvafiq olaraq cərimələr nəzərdə tutulur. 1999-cu ildə verilən bu qərara hansısa dəyişiklik edilməyib”.
Maraqlıdır ki, bu nəzarət necə həyata keçiriləcək? İ.Yunusovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələri üzərində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən məsələ nəzarətə götürülüb. /Cebhe.info
Paylaş: