Xəbər lenti

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb. 

Ovqat.com xəbər verir ki, Lent.az-ın məlumatına görə, proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb. Məktəblilər üçün nəzərdə tutulan “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir.

Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verir. Eyni zamanda 17-21 iyul tarixlərində Mərkəzi bankla birlikdə uşaqlar üçün “Sahibkarlıq və startup nədir?” mövzusunda info sessiya da təşkil edilib. Tədbirdə uşaqlara Sahibkarlıq və Startuplar barəsində məlumat verilib. Həmçinin Barama mərkəzinin  uğurlu startapçıları – “Technote” media platformasının təsisçisi Fərid Pərdəşünas və “Wake Me Up” layihəsinin rəhbəri Şahin Xəlilov öz layihələrini təqdim edərək, uşaqlara sahibkar olmağın sirlərindən danışıblar.

Əlavə olaraq görüş iştirakçıları maraqlı tapşırıqları yerinə yetirərkən öz ideyalarını da təqdim ediblər. Sonda yay məktəbinin iştirakçıları sertifikatlarla təltif olunublar.​ 

Məlumat üçün bildirək ki, “Coding Kids – Summer IT School” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən ödənişsiz aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 094          Tarix: 24-07-2017, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma