Bu gün saat 10:00-dan "Sulutəpə", "Alatava" və "Təzə Qanlı Göl" Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.
Bu barədə Publika.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, məhdudiyyətin səbəbi "Qaz İxrac" İdarəsinin balansında olan diametri 700/500 mm-lik "Qaradağ-Digah-Hövsan" magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləridir.
İşlər başa çatanadək qaz təzhizatında məhdudiyyət olacaq.
Bildirilir ki, təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Həmçinin, qeyd olunur ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilməsi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
Paylaş: