Xəbər lenti

Musavat.com xəbər verir ki, Ramiz Mehdiyev işi çərçivəsində Azərbaycanda istintaqa dəvət olunan Milli Şura rəhbərlərindən biri – Gültəkin Hacıbəyli – hazırda Türkiyənin İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır. O, bu barədə öz sosial media hesabında geniş açıqlama yayıb.

Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da gecə saatlarında kirayədə qaldığı mənzilə 4 polis əməkdaşı gəlib və onu heç bir hüquqi əsas göstərmədən məcburi şəkildə geri göndərmə mərkəzinə aparıblar. O bildirir ki, 25 sentyabrda Türkiyəyə, təhsil alan oğlunun yanına gəlib, üç aylıq vizası hələ bitməyib və üstəlik, iki illik oturum izni də mövcuddur. Öz ifadəsinə görə, Türkiyədə qaldığı müddətdə heç bir qayda pozuntusuna yol verməyib.

G. Hacıbəyli yazır ki, hazırda onu "xarici terrorçulara tətbiq olunan G-82 maddəsi ilə" nəzarətdə saxlayırlar. Bu maddə adətən “ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərə” qarşı istifadə olunur və Türkiyədən deportasiyanı nəzərdə tutur. Onun iddiasına görə, hazırda Azərbaycana təhvil verilməsi üçün hazırlıq gedir.

Gültəkin Hacıbəylinin bildirdiyinə görə, məsələ artıq Avropa Məhkəməsinə çıxarılıb və vəkili vasitəsilə Türkiyədə də məhkəmə prosesləri başlayacaq.

O, Türkiyə hakimiyyətinə müraciət edərək belə yazıb:

“Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd qərar qəbul etməyin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən deputat olmuşam, siyasi fəaliyyətimdə heç bir qanun pozuntusu yoxdur. Məni ‘xarici terrorçu’ kimi deportasiya etmək yolverilməzdir”.

Musavat.com-a görə, Gültəkin Hacıbəylinin açıqlamaları ilə yanaşı, diqqət çəkən çox ciddi bir detal var:

Əgər onun narahatlığı və hansısa çəkinəcəyi olmasaydı, Ramiz Mehdiyev ev dustaqlığına məhkum edildiyi günün ertəsi – yəni Mehdiyev işi açıq şəkildə genişlənməyə başladığı anda – Gültəkin Hacıbəyli Bakıdan çıxıb getməzdi. O, heç bir səbəb olmadan iki ay Türkiyədə qalmaz, bu qədər intizamsız hərəkət etməzdi.

Bu isə təbii şəkildə belə bir sualı gündəmə gətirir:

Görəsən, onun Azərbaycana dönməkdən imtina etməsinin arxasında hansısa hüquqi məsuliyyət doğuran səbəblər varmı?

Məlum olduğu kimi, Ramiz Mehdiyev işi ilə bağlı istintaqda həm siyasi müxalifətlə, həm də keçmiş yüksək çinli şəxslərlə bağlı müəyyən əlaqələrin araşdırıldığı bildirilir. Milli Şura daxilində bu məsələ ətrafında gərginliklər də diqqət çəkir. Bu fonu nəzərə alanda, Gültəkin Hacıbəylinin özünü “tam günahsız” kimi təqdim etsə də, Azərbaycana qayıtmaqdan kəskin şəkildə yayınması əlavə suallar doğurur.

Hazırda Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması, onun Azərbaycana təhvil verilməsi ehtimalı və bu prosesin mümkün siyasi-hüquqi nəticələri həm Azərbaycan mediasında ciddi müzakirə mövzusu olaraq qalır.

Onun açıqlamaları isə, məsələnin təkcə “hakimiyyətin təzyiqi” ilə deyil, özünün də hansısa məsuliyyətdən yayınmaq ehtimalı ilə bağlı olduğunu göstərən sualları daha da gücləndirir.




Ana səhifəyə qayıt        Baxış: 3 068          Tarix: Dünən, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma