Xəbər lenti

Millət vəkili: "Siyasətçilərin bacarmadığını "Qarabağ" bacardı"

“Qarabağ”ın “İmarət tayfa” azarkeş qrupu “Tarixin memarı” adlı ilin yekun tədbirini keçirib.

Publika.az xəbər verir ki, tədbirdə “Qarabağ” komandasının futbolçu heyəti, “ilin məşqçisi” Qurban Qurbanov, millət vəkilləri, azarkeşlər və media nümayəndələri iştirak edib.

Tədbirdə “İmarət” azarkeş qrupunun 2017-ci ildə gördüyü işlərlə bağlı videoçarx təqdim edilib. Daha sonra millət vəkili Aqil Abbas “Qarabağ”ın Çempionlar Liqasında iştirakının əhəmiyyətindən danışıb:

“Siyasətçilərin 20 ildə bacarmadığını “Qarabağ” bacardı. Futboldan böyük idman yoxdur. Deyirlər, Azərbaycanda futbol inkişaf edir, amma nədənsə biz bunu görmürük. Bütün klublarımızın “Qarabağ”ın, “Qəbələ”nin səviyyəsinə çatmasını arzulayıram. Mən “Qarabağ”ı təbrik edirəm, bizi sevincdən kövrəltdi, ağlatdı”.

Daha sonra Fazil Mustafa çıxış edərək baş məşqçi Qurban Qurbanovun komandaya verdiyi faydaları vurğulayıb:

“Komanda bütün manelərə baxmayaraq, ayaqda qalmağı bacarır. Bu gün “Qarabağ”da böyük intizam nümunəsi var. Uğurun da başlanğıcı budur. Qurban Qurbanov futbola ədəb gətirən, vətənpərvərlik ruhunu aşılayan örnək bir məşqçidir. Kimimiz meydanda savaşırıq, kimimiz də nitq söyləyirik. Bizi nitq söyləməyə məcbur edənlər də meydanda savaşanlardır. O insanlar olmasa, bu nitqlərin, bu çıxışların, bu diplomatik danışıqların heç bir mənası olmaz”.

Tədbirin sonunda “İmarət” azarkeş qrupu “Qarabağ”ın bəzi fubolçularına mükafatlar təqdim edib.

“Tarixi qol” nominasiyası üzrə “Qarabağ”ın hücumçusu Dino Ndlov, “Azarkeşin sevimlisi” nominasiyası üzrə isə polşalı müdafiəçi Yakub Rejniçak mükafatlandırılıb.

“İmarət”in dostu” mükafatına “CBC Sport”un müxbiri Vasif Acalov layiq görülüb. “20 ilin ən yaxşı idman nəşri” “Futbol+” qəzeti, “Ən məşhur “Qarabağ”lı” Elnur Zeynalov, “İmarət”in dostu” isə Fevzi Aras seçilib. “Qarabağ” uğrunda” adlı medal isə albaniyalı müdafiəçi Ansi Aqolliyə təqdim olunub.




Ana səhifəyə qayıt        Baxış: 723          Tarix: 11-12-2017, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma