Danimarka "Kopenhagen"inin baş məşqçisi Stole Solbakken futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşacaqları İspaniya "Atletiko"sunu dəyərləndirərkən, "Qarabağ"ı xatırladıb.
"Report"un məlumatına görə, norveçli mütəxəssis püşkatmanın nəticəsinin komandası üçün ağır olduğunu bildirib.
Onun fikrincə, "Atletiko" Avropanın ən güclü komandalarından biridir. Lakin 49 yaşlı mütəxəssis növbəti mərhələ şanslarının olduğunu vurğulayıb: "Hamımız "Qarabağ"ın "Atletiko"ya qarşı necə oynadığını iki dəfə gördük. Ona görə də heç nə mümkünsüz deyil. Lakin, bu, xeyli çətin olacaq".
Bununla yanaşı, Solbakken ilk görüşü evdə keçirmələrini müsbət amil kimi dəyərləndirib.
Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsində "Kopenhagen"i evdə 1:0 hesabı ilə yenən "Qarabağ" Danimarka paytaxtında uduzub - 1:2. Bununla belə, Azərbaycan təmsilçisi səfər qolu sayəsində tarixdə ilk dəfə qrup mərhələsinə yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv C qrupundakı görüşlərdə "Atletiko" ilə Bakıda 0:0, Madriddə 1:1 hesablı heç-heçəyə nail olub. Yekunda "Kopenhagen" Avroliqada qrup ikincisi, "Atletiko" isə Çempionlar Liqasında qrup üçüncüsü kimi mübarizəni qitənin ikinci nüfuzlu klub turnirində davam etdirmək hüququ əldə ediblər. İki komanda arasında 1/16 final matçları fevralın 15-də və 22-də keçiriləcək.
Paylaş: