Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib. Dəyişiklikdə, həmçinin, spirtli içkilərin qiyməti 1 litr üçün 4 manat, siqaretlər isə 1000 ədəd üçün 8 manat bahalaşıb.
Qərardakı dəyişikliyin bazara necə təsir etməsi baraədə Axar.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, hökumətin belə bir addım atması bir sıra amillərlə bağlıdır:
“Diqqət etsəniz, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişikliklər Azərbaycanda istehsal olunan və yaxud da az əhəmiyyətli məhsullarla bağlıdır. Dünyanın hər bir ölkəsində, xüsusilə də gəlirlər azalırsa, hökumətlərin daha çox diqqət ayıracağı və əlavə gəlir mənbəyinə çevirəcəyi sahələrdən biri də tütün məhsulları və spirtli içkilərdir. Bu baxımdan sözügedən məhsullara tətbiq edilən aksiz dərəcələrinin artırılmasına görə hökumətə irad tutmaq olmaz. Bu, ümumiyyətlə, dünyada müşahidə olunan tendensiyalardan biridir. Hökumət belə bir addımın atılmasını adətən bu məhsulların insan səhhəti üçün zərərli olması ilə əlaqələndirir. Əlbəttə, son nəticədə aksiz dərəcələrinin artırılması məhsulların qiymətlərində özünü göstərəcək. Çünki xərclərin artması məhsulların maya dəyərinin də artmasına səbəb olur”.
Ekspert bildirib ki, hökumətlər məhsulların qiymətlərinin artmasını onların istehlakının azalması fonunda əhalinin sağlamlığına müsbət təsir göstərdiyi qənaətindədir:
“Amma təəssüf ki, bəzən əks proses baş verir. İnsanlar keyfiyyətsiz məhsullar alırlar və nəticədə bu məhsullar vətəndaşların səhətində ciddi problemlərin yaranmasına səbəb olur”.
Ekspert qiymət artımı ilə bərabər, zərəli məhsullara qarşı antitəbliğatın da aparılmasının vacibliyinə diqqət çəkib.
Qeyd edək ki, qərarın 2018-ci il yanvarın 20-də qüvvəyə minəcəyi bildirilir.
Paylaş: