"Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanuna görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına ümidlər artıb.
Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Deputat deyib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olundu və sığorta aministiyasına gedildi:
“Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi. Bu, çox böyük addımdır. Hesab edirik proses başlayıbsa, davam etdirilməlidir. Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qayatrmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.
Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir: “Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta aminstiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.
V.Əhmədovun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının ən ciddi problemi bankların sağlamlaşdırılmasıdır: “Maliyyə sektorunda yavaş-yavaş da olsa problemlər həll olunur. Amma bank sistemini sağlamlaşdırmamışıq. Bunun əsas yollarından biri də vaxtı keçmiş kreditlərin geri qaytarılmasıdır. Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik”.
Deputat bildirib ki, bu gün məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır: “Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizim özümüzə yüzlərlə belə müraciət daxil olur”.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.
Paylaş: