Xəbər lenti

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 75 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 3-ü kiçik dövlət müəssisə və obyekti, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq“, “Salyan Aqrotexservis”, “Yevlax Kəndnəqliyyat“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan broyler” Açıq Səhmdar Cəmiyyətidir.

Budəfəki hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 60 saylı mağazanı nümunə kimi göstərmək olar. Bakının Qaradağ rayonunda yerləşən həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 500 kv.m-dən çoxdur.

Bundan başqa, Mingəçevirdə yerləşən qeyri-yaşayış binası da sahibi üçün xidmət sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si paytaxtda, 1-i isə Mingəçevir şəhərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kv.m ilə 446 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Yasamal rayonunda yerləşən, 30 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlaka sahib olmaq üçün 600 manat beh ödənilməlidir. Həmçinin paytaxtın Nizami rayonundayerləşən, sahəsi 26 kv.m olan əmlakın ilkin start qiyməti 5 min 200 manat təşkil edir.

Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Almaniya və Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 10 min 286 manatla 19 min 460 manat arasında dəyişir. Buraxılış tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

 




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 30-04-2018, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma