Xəbər lenti

 

İran Təhsil Nazirliyinin yeni sərənsamlarına əsasən, türklər kimi ləhcəsi olan qövmlərin nümayəndələri müəllim ola bilməyəcəklər.

Ovqat.com Günaz.tv-yə istinadən xəbər verir ki, ölkənin Təhsil Nazirliyinin bu gün yaydığı bəyanat bu cür düşünməyə əsas verir.

Təhsil Nazirliyinin bəyanatı “Fars” xəbər agentliyində dərc olunub. Yeni sərəncam Təhsil Nazirliyinə qəbul olunan işçilər, xüsusilə də müəllimlərlə bağlı yeni meyarlar müəyyənləşdirir.

Sərəncama əsasən, bir sıra xəstəliklərdən əziyyət çəkən insanlar Təhsil Nazirliyinə, xüsusi ilə də müəllim peşəsinə işə götürülməyəcək. “Fars” xəbər agentliyində yayılan bəyanatda həmin xəstəliklərin siyahısı da qeyd olunub. Bəyanatda ləhcəsi olan insanlar əsəb və psixoloji xəstəliyi olan şəxslər kimi qələmə verilir. Bu isə ciddi ayrı-seçkilik və qeyri-insani münasibətin göstəricisidir.

Bəyanatın 6-ci maddəsinin 9-cu bəndində bildirilir: “Danışma pozğunluğu və kəkələmə problemi olanların psixoloji və ya nevroloji səbəbi olarsa, müəllim peşəsinə işə götürülə bilməzlər, lakin idarə işlərində çalışa bilər. Dəyişməsi mümkünsüz və qəliz ləhcəsi olan insanlar; hansı ki, Ç, G, J, Q və s. kimi fars hərflərinin tələffüz edə bilmirlər, onların ibtidai məktəblərdə müəllim olması və fars ədəbiyyatı dərsliyini tədris etməsi qadağandır. Lakin orta məktəbdə riyaziyyat, fizika, kimiya, biologiya və s. kimi dərslikləri tədris edə bilər, həmçinin ofis işlərində çalışa bilərlər.”

Yeni qanun təkcə ləhcəsi olan türklərin Təhsil Nazirliyinə işə götürülməsi üçün maneçilik yaratmır, eyni zamanda İranda yaşayan bütün millətlər, o cümlədən türk milləti üçün bir təhqir sayılır. Soydaşlarımız bu məsələni sosial şəbəkələrdə müzakirə edərək nazirliyin yeni qərarına kəskin etiraz ediblər.

Hələlik azərbaycanlı millət vəkilləri və yerli rəhbərlər irqçilik istiqamətində atılan növbəti addıma münasibət bildirməyiblər.




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 25-08-2017, 19:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma