Xəbər lenti

 

“İŞİD məhv edilənə və məğlubiyyətə uğrayana qədər Suriyada hərbi mövcudluğumuzu qoruyacağıq”.

Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sədri Reks Tillerson bildirib.

O, 2011-ci ildə İraqda yol verilən xətaya düşməyəcəklərini, İŞİD və ya başqa terror təşkilatlarının formalaşmasına imkan verməyəcəklərini də sözlərinə əlavə edib.

Tillerson açıqlamasında Türkiyə kimi müttəfiqlərlə işləməyə davam edəcəklərini və Ankaranın PKK terrorçuları haqqında narahatlıqlarını nəzərə alacaqlarını da vurğulayıb.

ABŞ Dövlət Departamenti sədrinin bu açıqlamasının Türkiyə rəsmilərinin Afrinə hərbi müdaxiləyə hazırlaşmasıyla bağlı bəyanlarının ardından gəlməsi diqqətçəkicidir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyanın şimalında PKK/PYD silahlılarının iştirakı ilə 30 minlik sərhədçi diviziyası quracağını bəyan etməsi Ankarada ciddi narazılıqla qarşılanmış, prezident Rəcəb Tayib Ərdoğan buna laqeyd qalmayacaqlarını açıqlamışdı: “Terrorçularla aramızda durmayın. Qatil sürüləri ilə aramıza girməyin. Ortaya çıxa biləcək, arzuolunmaz hadisələrdən biz məsuliyyət daşımırıq. Terror təşkilatının üstündəki emblemlərini özünüz ortadan qaldırın ki, biz sizə təslim etmək məcburiyyətində qalmayaq. Terrorçularla birlikdə olanları torpağa basdırmaq məcburiyyətində olmayaq".

Ərdoğanın bu çıxışından sonra Türkiyə Milli Təhlükəsizlik Qurumu toplanmış, saatlarla davam edən müzakirələrdə Afrinə hərbi müdaxilə masaya yatırılmışdı. Toplantıdan sonra mətbuat önünə çıxan Türkiyə rəsmisi Bekir Bozdağ Ankaranın səbrinin son nöqtəsinə gəldiyini bildirmiş və adını çəkmədiyi məlum adresə bu mesajları ünvanlamışdı:

“Kimsə Türkiyədən daha artıq səbr gözləməsin. Türkiyə atacağı addımlarda qərarlıdır”.

Tillersonun bu sərt təpkilərdən sonra məlum bəyanatla çıxışı ABŞ-ın öz qərarından geri çəkilməsi kimi qiymətləndirilə bilər. Fəqət ABŞ rəsmiləri bundan əvvəlki bəyanatlarında da dəfələrlə bənzər fikirlər səsləndirmiş, sonradan onların PKK ilə PYD-ni bir-birindən ayırdıqları, söylənən fikirləri yalnız PKK-ya şamil etdikləri anlaşılmışdır. Türkiyə isə PYD-ni PKK-nın uzantısı saydığından ABŞ-ın bu “ayrıseçkiliyi” ilə razılaşmır.

Tillersonun eyni “siyasi fırıldağı” işlədib-işlətmədiyi bir neçə gün ərzində atılacaq addımlardan məlum olacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 015          Tarix: 18-01-2018, 00:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma