Xəbər lenti

 

Eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi kimi qiymətləndiririk. Ermənistan Respublikası vətəndaşlarının digər dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistan Baş nazirinin oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Bildirib ki, Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın ərazilərinin işğalına görə beynəlxalq hüququ məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir.

Ermənistan vətəndaşları, xüsusilə gənclər təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə, öz həyatlarının ən formativ dövrünü Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə keçirməyə və işğalçı missiyada xidmət etməyə vadar edilirlər.

Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə, Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi əhalisi üçün daha faydalı olardı.




Ana səhifəyə qayıt        Baxış: 1 631          Tarix: 27-05-2018, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma