Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri təyin edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, daha öncə Mərkəzin İdarə Heyətinin üzvü olan Nazim İbrahimov fəaliyyətini qurumun sədri kimi davam etdirəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.
Mərkəz 30 sentyabr 2012-ci ildə Gəncədə təsis edilib. Təşkilatın qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyətidir.
Mərkəzə daha öncə Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru cənab İsmail Seragəldin həmsədrlik ediblər.
Maraqlıdır ki, Nazım İbrahimov bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılarkən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onu ayrılan yardım pulunu öz ünvanına göndərməməkdə günahlandırmışdı. Faktiki olaraq, korrupsiyada ittiham olunan bu adamı indi Nizami Gəncəvinin işini araşdırmağa göndərirlər. Görünür, Nazim müəllim həmin vəsaitin öz ünvanına göndərildiyini sübuta yetirə bilib. Özü də həmin sübuta yetirmə elə güclü olub ki, ona yenidən məsul iş həvalə edilib. Axı məntiqlə, korrupsiyaya bulaşmış adamı vəzifəyə yox, həbsxanaya göndərirlər.
Ramiz Mehdiyevin Nazim İbrahimov barədə dediyi məşhur fikirləri təqdim edirik:
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
“Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev belə deyib.
Ramiz Mehdiyev həmçinin qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib: “Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Paylaş: