Xəbər lenti

  

Gəncə İcra Hakimiyyətinin başçı Elmar Vəliyev hadisədən sonra mətbuata danışıb.

Bugün sui-qəsd nəticəsində yaralanandan sonra Gəncədə müayinə və müalicə alan Elmar Vəliyev ciddi narahatlığa əsas olmadığını deyib.

Elmar Vəliyev yüngül yaralandığını, tezliklə işinin başında olacağını bildirib və səhhətilə maraqlanan hər bir kəsə minnətdarlığını çatdırmağı xahiş edib.

İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 255          Tarix: 4-07-2018, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma