Xəbər lenti

 

“Türkiyənin Aİ üzvlüyünə nöqtə qoyulmalı, eynilə Rusiya kimi, bu ölkə ilə də strateji ortaqlıq qurulmalıdır”.

Ovqat.com xəbər verir ki, bu təklifi Fransa prezidenti Emmanuel Makron irəli sürüb.

Makronun fikrincə, Ərdoğan Türkiyəsi ilə Mustafa Kamal Türkiyəsi arasında çox böyük fərq var və o, bu halıyla  Avropa İttifaqının üzvü ola bilməz.

Yelisey Sarayında 250-ə yaxın diplomat, deputat və beynəlxalq əlaqələr mütəxəssisinin iştirak etdiyi toplantıda çıxış edən Makron xarici siyasət perspektivləri və AB-nin təhlükəsizliyinə dair öz fikirlərini açıqlayarkən, beynəlxalq qalmaqal yaradacaq bir sıra təkliflər də səsləndirib. Fransa prezidentinin hədəfə aldığı siyasi liderlərdən biri də ABŞ-lı həmkarı olub.

 Tramp hakimiyyətinin yürütdüyü siyasi kursun  Aİ-nin təhlükəsizlik strategiyalarına cavab vermədiyini deyən Makronun fikrincə, bu məsələ artıq ABŞ-a əmanət edilə bilməz: "Rusiya da daxil olmaqla Avropadakı bütün tərəfdaşlarımızla təhlükəsizlik məsələlərini eninə-uzununa gözdən keçirməyimizi istəyəcəyəm".

 Avropanın Türkiyə və Rusiya ilə yeni münasibətlər qurmasına ehtiyac yarandığını bildirən Makron bununla belə, həmin ölkələrin keçirəcəyi islahatların da nəzərə alınacağını vurğulayıb:

“Rusiya və Türkiyə ilə münasibətləri düşünmədən uzunmüddətli bir Avropa İttifaqı inşa edə bilmərik. Ərdoğan Avropa əleyhdarı pan-islamçı mövqeyini hər gün yenidən bəyan etdiyi halda, Türkiyənin dürüst və səmimi şəkildə AB üzvlüyü barədə danışmağa davam edə biləcəyimizimi düşünürsünüz? Məncə, Türkiyənin də eynilə Rusiya kimi Aİ üzvlüyünü yox, strateji tərəfdaşlığını inşa etmək lazımdır. Bu iki güc kollektiv təhlükəsizliyimiz üçün əhəmiyyətli olduğundan Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq lazımdır; onlar Avropaya bağlı qalmalıdırlar”.

Maraqlıdır ki, Fransa prezidenti həmin fikirləri səsləndirdiyi bir zamanda Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Parisə səfər edərək, öz həmkarı ilə görüşmüşdü. Görüşdə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya müzakirə edilmiş və iki dövlət arasındakı ticarət dövriyyəsini 20 milyard avroya çıxarılması qərarlaşdırılmışdı. Görüşdən sonra keçirilən mətbuat konfransında B.Albayrak öz həmkarıyla dollarsız ticarət  perspektivlərini də müzakirə etdiklərini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 768          Tarix: 28-08-2018, 00:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma