Bu gün – yanvarın 19-u Bakıda Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.
Ovqat.com Azadlıq Radiosuna istinadla xəbər verir ki, bununla bağlı şəhər rəhbərliyinin təşkilatçılara göndərdiyi cavabda onlardan «Sərbəst toplaşma azadlığı haqqında» Qanuna uyğun olaraq milli, irqi və dini ədavətin təbliğinə, təhqiredici ifadələrin işlənməsinə yol verilməməsinə nəzarət etmələri istənilib.
“Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb ofşor hesablara daşınmış pulların xalqa qaytarılmasıdır”, – bunu isə Milli Şuranın sədri Cəmil HəsənliAzadlıqRadiosuna bildirib.
Aksiyanı Müsavat Partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb.
Milli Şura ötən il də Bakıda “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya yox!” şüarı ilə aksiya keçirib.
Xatırladaq ki, aksiya saat 15.00-dan etibarən, Yasamal rayonundakı “Məhsul” stadionunda başlayıb.
***
REAL partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub.
“Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, – mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli “Facebook”da yazıb.
Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və bu dəqiqələrdə çıxış edir. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.
Aksiyanın əsas şüarı siyasi məhbuslara azadlıq tələbidir.
Hazırda aksiya davam edir. Məlumata görə, mitinq başladıqdan bir qədər sonra ərazidə internetə giriş dayandırılıb.
Paylaş: